Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank Respublika”nın aktivləri 757,7 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 15,2% artaraq 694,8 milyon manat, cəmi kapitalı isə 0,7% azalaraq 62,9 milyon manat olub.
Problemli kreditləri 7 dəfə artıb
9 ayın yekunlarına görə, “Bank Respublika”nın kredit portfeli 308,5 milyon manat təşkil edib. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 2,4% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 7,3 dəfə artaraq 32,9 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 1,5%-dən 10,7%-ə yüksəlib. “Bank Respublika”nın əmanət portfeli isə 35,7% artaraq 438,6 milyon manat olub.
Ziyana düşüb
Hesabat dövründə “Bank Respublika”nın faiz gəlirləri 24,4% artaraq 47 milyon manat, faiz xərcləri 27,5% artaraq 16,5 milyon manat, qeyri-faiz gəlirləri 35,4% artaraq 15 milyon manat, qeyri-faiz xərcləri isə 11,3% artaraq 24,5 milyon manat olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 21 milyon manat təşkil edib. Bu da 2014-cü ilin 9 ayı ilə müqayisədə 51,1% çoxdur. Amma bank əlavə xərcləri 23,3 milyon manat vəsait yönəltdiyi üçün 3-cü rübü 2,3 milyon manat ziyanla başa vurub.