30 Oktyabr

Kağız pulları itirməyə hazırıqmı?

“Uşaqlarınız kağız pul görməyəcək. Çünki yaxın gələcəkdə nağd pul insanların gündəlik həyatından tamamilə silinəcək”.

Bu maraqlı proqnoz “Apple”in baş direktoru Tim Kuk tərəfindən verilib. Məlum olduğu kimi, hazırda "Apple" şirkəti mobil qurğuların köməyilə pul ötürməyə imkan verəcək ödəmə xidməti üzərində işləyir. Gənclərə xitab edən Kuk əminliklə deyib ki, elektron pul sürətlə populyarlaşdığına görə, nağd pul gözlənildiyindən daha tez dövriyyədən çıxarılacaq.

Kağız pulun üzünə həsrət qalacağıq

Əslində, bu məsələ bütün dünyada ən çox müzakirə olunan mövzulardandır – kağız pul nə vaxt dövriyyədən çıxacaq? Yaxın tarixi deyənlər də olur, bu işin hələ 50 il uzanacağını söyləyənlər də.

Bəzi ekspertlər pulun tamamilə ortalıqdan yığışacağına inanmır. Onların fikrincə, kağız pul nadir hallarda işlədilsə belə, yenə də dövriyyədə qalmaqda davam edəcək.

Estoniyanın SEB biznes-innovasiyalar şirkətinin rəhbəri Mart Maazik öz bloqunda yazır ki, kağız pulun yaxın 10 ildə dövriyyədən çıxacağını deyənlər çox tələsirlər: “Düzdür, elə inkişaf etmiş ölkələr var ki, orada nağd pul çox az işlədilir. Ola bilər, 10 il sonra orada kağız pul olmasın. Amma bütün dünyada bunun belə olacağını demək tezdir”.

Belə inkişaf etmiş ölkələrdən biri İsveçdir. Hazırda İsveçdə nağd pula hansısa xidmət əldə etmək mümkün deyil. Bu ölkədə nağd pul ümumi maliyyə dövriyyəsinin cəmi 3 faizini təşkil edir. Avropa Birliyində bu göstərici 9 faizdir.

Kağız pulların sayının azalması ilə İsveçdə “canlı” cinayətkarlığın sayı da azalıb. 2008-ci ildə burada 110 dəfə bank yarmağa cəhd olunubsa, 2012-ci ildə isə bu rəqəm 16-ya düşüb.

Fərid İsmayılzadə: “Əhalinin 95 faizi hələ də köşkdən kontur kartı alır”

Amma Azərbaycanda vəziyyət Avropa ilə müqayisə olunmayacaq dərəcədədir.

“Əgər hansısa ölkələrdə 5-10 ildən sonra nağd pul olmayacaqsa, bunu Azərbaycana şamil etmək olmaz”. “Golden Pay” şirkətinin yaradıcısı Fərid İsmayılzadə CBC-yə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, ölkəmizdə əhali nağd pula daha çox üstünlük verir: “Düzdür, dövlət təşkilatları, özəl qurumlarda maaşlar, pensiyalar kartla verilir. Amma əksəriyyət pulu kartda saxlamır, dərhal gedib bankomatdan çıxardır və xərcləyir. Halbuki, pulu harda xərcləyirlərsə, nəyə pul verirlərsə, həmin ödəmələri elektron yolla da aparmaq olar”.

F.İsmayılzadə deyir ki, məhz bu səbəbdən Azərbaycanda Golden Pay kimi şirkətlərin inkişafı zəifdir: “Qərbdə bu tip innovativ layihələr dərhal böyüyür. Azərbaycanda isə ödəmələrin cəmi 5 faizi elektron formada aparılır. 95 faiz hələ də köşklərdə, dükanlarda kontur kartı alıb telefona yükləyir. Banklara gedib növbəyə dayanıb kommunal xərcləri ödəməyə daha çox üstünlük verirlər, nəinki kompüter qarşısından rahatlıqla bu işi görməyə”.

Bəzən Azərbaycanda nağdsız ödəmələrin qeyri-populyarlığını infrastrukturun zəifliyi ilə əlaqələndirirlər. Konkret olaraq deyilir ki, ölkədə kifayət qədər pos-terminal yoxdur, hələ bir çox təşkilatlar elektron xidmət göstərmir və s.

Lakin Fərid İsmayılzadə bunları bəhanə sayır. Onun fikrincə, bəlkə də hansısa sahibkarlar vergidən yayınmaq üçün pos-terminallardan istifadə etmir, bu cihazları gizlədir. Amma buna əsasən pos-terminalların, elektron xidmətlərin sayının az olduğunu demək düzgün deyil.

Kartında pul saxlamaq istəyən yoxdur

Ekspertin sözlərini statistika da təsdiqləyir. Belə ki, Mərkəzi Bankın saytında bu ilin sentyabrı üçün yer alan məlumata görə, Azərbaycanda 5 milyon 647 min plastik kart var. Pis rəqəm deyil, belə çıxır ki, respublikada ən azı hər iki nəfərdən birində kart var. Ancaq kartlarla aparılan əməliyyatların növünə baxanda, çox şey aydınlaşır. Belə ki, kartların təxminən 42 faizi əmək ­haqqı üçündür. Ölkədə mövcud kartların yalnız 1 milyonu kredit kartıdır.

Digər tərəfdən, ölkədə bütün plastik kartlar üzrə aparılan əməliyyatların həcmi 962 milyon manatdır. Və onların 83 faizi (805 milyonu) nağd pul çıxarılmasına sərf olunub. Yəni vətəndaşlar kartla ödəmə aparmır, sadəcə, onlara ayrılan əmək haqları və müavinətləri alırlar. Deməli, hələlik vətəndaşlar pulu kartın içində yox, əllərində tutmaq, evdə balış altında saxlamağa daha çox üstünlük verirlər.

e-pul niyə üstündür?

Elektron pul – elektron daşıyıcılarda saxladığımız məbləğdir. Yəni bu növ pulu əlimizdə tuta bilmirik, cibimizdə gəzdirmirik, cağ əskinazların xışıltısını duya bilmirik. Elə adamlar var ki, məhz buna görə nağd puldan imtina edə bilmir. “Kişini pulu cibində, malı gözünün qabağında olar” məntiqi ilə yaşayanlar e-xidmətlərə inanmırlar.

Əslində, elektron pulun üstünlüklərini sadalamağa xüsusi ehtiyac yoxdur. Sirr deyil ki, nağdsız ödəmə vətəndaşları bir çox problemlərdən azad edir. Məsələn, üstündə külli miqdarda nağd pul gəzdirmək məcburiyyətində deyilsən. Pulu evdə unutmaq, yaxud hardasa itirmək mümkün deyil. Bu yolla vəsaitin oğurlanmasının da qarşısı alınır. Kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin.

İndi kartın oldusa, evində oturub öz səyahətini asanlıqla planlaşdırır, digər ölkədə hotel, aviabilet sifarişi edə bilirsən. Elə səyahət zamanı da kartların faydasını görənlər çoxdur. Xaricdə olarkən gözlənilməyən xərclər yarananda, kartdan kreditlə nağd pul çıxarmaq olur.

Bütün bunlar bir kənara, amma nağdsız hesablaşmalar kart vasitəsilə həyata keçirilərkən bütün əməliyyatların dəqiq uçotunun aparılması mümkün olur. Bu zaman vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyənləşdirilməsi, şəffaflığın artırılması və s. məsələlər öz həllini tapır.

e-ticarətin dövriyyəsi artır

Azərbaycanda elektron ticarət, nağdsız ödəmələrin miqyası az da olsa, artmaqdadır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 mln. manata çatıb. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9%-i hüquqi şəxslər, 8,1%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Əli Məsimli: "Nağdsız ödəmələri stimullaşdırmaq lazımdır"

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Milli Məclisdəki müzakirələr zamanı dəfələrlə bu mövzunu qaldırıb. İqtisadçı bildirib ki, nağdsız hesablaşmalar korrupsiyanın qarşısının alınmasında, bir sıra sui-istifadələrin aradan qaldırılmasında, "kölgə iqtisadiyyatı"nın dairəsinin məhdudlaşdırılmasında çox əhəmiyyətli rol oynayır. Ona görə də ölkədə bu ödəmələri stimullaşdırmaq üçün tədbirlər çoxaldılmalı, əhali arasında da maarifləndirmə aparılmalıdır.

Ekspert hesab edir ki, nağdsız ödənişlərin daha çox aparıldığı ticarət mərkəzləri üçün güzəştlər tətbiq etmək mümkündür. Uduşlu kampaniyalar, mükafatlandırmalar və s. təşviqedici manevrlərdən yararlanmaq olar.

Pul itəcək, amma gec

Görünən budur ki, texnologiyanın inkişafı ilə nağd pul tədricən dövriyyədən çıxacaq. Amma Azərbaycanda bunun nə dərəcədə sürətlə baş verəcəyini demək çətindir.

Hələliksə ekspertlər KİV-lərdə nağdsız hesablaşmaların üstünlüyünü izah edən sosial reklamların artırılmasını təklif edirlər. Onların fikrincə, insanların maliyyə savadlılığı artdıqca, elektron xidmətlərdən istifadə edənlərin də sayı çoxalacaq.

Mənbə: cbc.az