Ötən ilin sonunda Mərkəzi Bankdan lisenziya alaraq bu ilin Avqust Ayında fəaliyyətə başlayan “Ziraat Bank Azərbaycan” gələn ildən başlayaraq yeni filiallarını istifadəyə verməyi planlaşdırır.
Fins.az-ın "Marja"ya istinadən məumatına görə, bunu bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib.
“Biz hazırda sistemlərimizi tam qurmaqla, daxili infrastrukturumuzu formalaşdırmaqla məşğuluq. İşlək sistem qurmadan yeni filialların istifadəyə verilməsinin mənası olmaz. Doğru və sürətli xidmət göstərmək üçün alt infrastrukturu qurmalıyıq. Bu ilin sonuna qədər alt infrastrukturun qurulması üzrə işlərin böyük hissəsini görəcəyik. Artıq bir filialımızı istifadəyə vermişik. Böyük ehtimalla gələn ilin birinci yarısında Bakıda 2-ci filialımızı açacağıq. 2016-cı ilin sonuna qədər də 3-cü filialımızı istifadəyə verməyi planlaşdırırıq. Həmin filial üçün münasib yer axtarırıq. Növbəti illərdə isə regionlarda filiallarımızı istifadəyə verməyi düşünürük”.
Qeyd edib ki, “Ziraat Bank Azərbaycan” korporativ sektora fokuslanıb.