Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda kiçik və orta sahibkarlar üçün yeni bank məhsullarının və xidmətlərinin yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı, eləcə də yerli banklarla iş aparır. Bunu fins.az-a açıqlamasında BMK-nın Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova deyib. Onun sözlərinə görə, söhbət qadın bankçılığı və enerji səmərəliliyinin inkişafına hesablanmış bankçılıq kimi spesifik sahələrin inkişafından gedir:
“Qadınların biznesinin dəstəklənməsi olduqca vacibdir və əksər ölkələrdə bu təcrübə özünü doğruldur. Müşahidələr göstərir ki, qadınlar kişilərlə müqayisədə götürdükləri kreditlərin qaytarılmasına, öz bizneslərinə daha məsuliyyətli yanaşırlar. Odur ki, banklar qadın müştəriləri üçün xüsusi məhsul və xidmətlər yaratmalıdırlar. Enerji səmərəliliyinə gəlincə isə, burada məqsəd sahibkarlara enerjiyə qənaət edən müasir avadanlıqlar, texnologiyalar alması üçün kredit verilməsidir. BMK banklara texniki dəstək göstərə bilər ki, onlar enerji səmərəliliyi ilə bağlı yeniliyi tətbiq etsinlər, bu məhsulun və yaxud xidmətin risklini qiymətləndirsinlər, səmərəlilik göstəricisini hesablasınlar”.