30 Oktyabr

Zakir Nuriyev: “Post-neft iqtisadiyyatı dövrünə hazırlaşırıq”

Azərbaycan Banklar Assosiasiyası (ABA) yerli bankların yeni inkişaf strategiyasının hazırlanması ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə iş aparır. Fins.az-ın məlumatına görə, bu barədə ABA-nın sədri Zakir Nuriyev məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovla görüş keçirilib: “Biz onunla bankların mövcud durumu və növbəti il üçün inkişaf strategiyası ilə bağlı geniş müzakirələr apardıq. Bu cür görüşləri iqtisadi bloka daxil olan digər dövlət qurumları ilə də keçirməyi planlaşdırırıq. Məqsədimiz bankların post-neft iqtisadiyyatı dövrünə hazırlanması, buna uyğun strategiyasının, taktiki planlarının qurulmasıdır. Hazırda Azərbaycan banklarında kreditlərin AMB-nin müəyyən etdiyi məsuliyyətli kreditləşməsi siyasəti üzrə, daha ehtiyatlı, düşünülmüş, səmərəli şəkildə verilməsi prosesi gedir. İstehlak kreditləşməsindən daha çox kiçik və orta biznesin maliyyələşdirilməsinə dogru addım atılır".