Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 37-i 2014-cü ili mənfəətlə, 8-i isə ziyanla başa vurub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Xatırladaq ki, 2014-cü ilin 11 ayının yekunlarına görə, zərərlə işləyən bankların sayı 5 idi. Bəzi banklar Mərkəzi Bankın məcmu kapitalla bağlə tələbini yerinə yetirmək üçün əldə etdikləri mənfəəti kapitalın artırılmasına yönəltdiyi üçün ili ziyanla başa vurmalı olub.
İl ərzində bankların mənfəəti 375,33 milyon manat, zərəri isə 4,79 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 370,54 milyon manat təşkil edib.
Statistikaya əsasən, 37 bankın hər birinin qazancı orta hesabla 10,14 milyon manat olduğu halda, qalan 8 bank orta hesabla 0,6 milyon manat itki ilə üzləşib. 2013-cü illə müqayisədə, 1 banka düşən orta mənfəət isə 3,16 milyon manat artıb, 1 bank üzrə orta ziyan isə 0,59 milyon manat azalıb.