Son 10 ayda Azərbaycanda ilk dəfə bank sektorunun mənfəəti açıqlanıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məlumat verib. O, sözügedən rəqəmin 45 milyon manat olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki bankların mənfəət göstəricilərini sonuncu dəfə bu ilin yanvar ayının yekununa əsasən açıqlayıb. Həmin vaxt 45 bankdan 40-nın mənfəətlə, 5-nin isə ziyanla işlədiyi, bank sektorunda yekun mənfəətin 67 milyon manat olduğu bildirilib.
Fevralın 21-də baş vermiş kəskin devalvasiyadan sonra isə AMB mənfəət göstəricilərini ictimaiyyətdən gizlədib. İndi isə ABA rəhbərinin açıqlamasından belə məlum olur ki, manatın ucuzlaşdırılmasından sonra bank sektorunun mənfəəti nəinki artıb, əksinə 22 milyon manat azalıb.
Bu arada onu da xatırladaq ki, 2014-cü ili Azərbaycan bankları 370,5 milyon manatlıq mənfəətlə başa vurub.