Pakistan Milli Bankının Bakı filialı gələn ildən istehlak kreditləri verməyi planlaşdırır. Bu barədə fins.az-a açıqlamasında filialın baş menecerinin müavini Sahib Quliyev məlumat verib. Onun sözlərinə görə, bu məsələ bankın baş ofisi qarşısında qaldırılıb və İslamaabaddan razılıq alınıb: “Biz indiyə qədər istehlak krediti verməmişik, amma indi bunu etmək istəyirik. Çünki biznes kreditləri ilə müqayisədə istehlak kreditlərində gəlirlilik yüksəkdir. Üstəlik bu sahədə risklərin bölüşdürülməsi imkanları da genişdir. Yəni, bir var ki, hansısa iş adamına böyük bir məbləğ ayırasan, bir də var ki, həmin məbləği yüzlərlə, minlərlə müştəri arasında bölüşdürəsən. Bütün bu məsələləri nəzərə alaraq 2016-cı ildən istehlak kreditləşməsinə başlamağı planlaşdırırıq”.
«Hər adama kredit verməyəcəyik»
Pakistan bankı istehlak kreditləşməsini həm nağd pul krediti, həm də ev-məişət əşyalarının alınması üçün kredit formasında həyata keçirəcək. Bunun üçün müştərilərdən iş yerindən arayış və zamin tələb olunacaq. Amma heç də bütün şəxslərə kredit verilməyəcək. Sahib Quliyevin sözlərinə görə, kreditlər ayrılarkən dövlət müəssisələrində çalışanlara üstünlük veriləcək. Bununla yanaşı, özəl sektorda uzun müddət fəaliyyət göstərən, tanınmış şirkətlərin əməkdaşlarına da kredit veriləcək: “Yəni, sadəcə arayış gətirməklə deyil. Hər adama kredit verməcəyik”.
«Ən aşağı faiz dərəcəsi bizdə olacaq»
Sahib Quliyev onu da bildirib ki, təmsil etdiyi bank ölkədə manatla ən ucuz istehlak kreditləri vermək niyyətindədir: “Baxmayaraq ki, Mərkəzi Bank tövsiyyə edib ki, istehlak kreditlərinin faktiki illik faiz dərəcəsi 29%-i keçməsin, amma biz bundan dəfələrlə ucuz kredit vermək istəyirik. Manatla ən aşağı faiz dərəcəsi bizdə olacaq. İllik 15-17%-lə Pakistan bankı kredit verəcək, özü də 5 ilə qədər müddətə. Komisyon haqqı isə heç 1% də olmayacaq, bizdə cəmi 0,5% tutulur. Çünki biz müştəriləri də fikirləşirik, istəyirik ki, çətinlik çəkmədən bizim krediti qaytarsınlar”.
«Manatın ucuzlaşmasından narahat deyilik»
Azərbaycanda manatın təkrar devalvasiyası barədə fikirlər səslənsə də, bu, 5 il müddətinə milli valyuta ilə kredit vermək istəyən Pakistan bankını narahat etmir. Sahib Quliyevin sözlərinə görə, hazırda Bakı filialı baş ofisdən dollarla, illik cəmi 0,3%-lə vəsait cəlb edir. Bu baxımdan 5 il müddətinə 17%-lə manat kredit istənilən halda sərf edəcək: «Bizim yalnız baş ofis qarşısında öhdəliyimiz var, o da cüzidir. Əmanət faizləri bizdə olduqca aşağıdır, bu baxımdan əmanət portfelimiz yox dərəcəsindədir, yəni əmanətçilər qarşısında öhdəliyimiz yoxdur. Manat 5 il ərzində nə qədər ucuzlaşsa da, biz bundan narahat deyilik».