"Bank of Baku" ASC yaxın vaxtlarda Mərkəzi Bankdan manat resursları cəlb etməyi planlaşdırmır. Fins.az-ın "Report"a istinadən məlumatına görə, bunu "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Hazırda portfelimizdəki manat kütləsi kifayət edir ki, manat kreditləşməsini davam etdirək. Lakin ola bilər ki, 2016-cı ildə bu məsələ ilə bağlı yenidən Mərkəzi Banka müraciət edək".
"Hazırda belə bir ehtiyac yoxdur. Maliyyə planlamamızda, büdcəmizdə Mərkəzi Bankdan əlavə manat cəlb etməyi nəzərə almamışıq. Hazırda ayırdığımız kreditlərin 95%-i manatın payına düşür və bu kreditləşməsini əsasən kredit portfelimizdən olan qayıdışların sayəsində aparırıq. Əhaliyə dollar kreditləri ayırmağa üstünlük vermirik", - deyə Bankın sədri qeyd edib.
A.İbrahimov cari ildə "Bank of Baku"nun Mərkəzi Bankdan cəlb etdiyi 40 mln. manat vəsaitin borc deyil, svop əməliyyatı olduğunu əlavə edib: "Biz Mərkəzi Bankda yerləşdirdiyimiz dollar vəsaiti müqabilində manat likvidliyini təmin etmək üçün manat cəlb etmişik, son zamanlarda baş verən dollarlaşma prosesi ilə bağlı bizimlə yanaşı bir çox bank bu alətdən istifadə edib".
Sədr, həmçinin filialların birləşdirilməsinin gözlənilmədiyini açıqlayıb: "Hazırkı planımıza görə gələn il ərzində filial birləşdirilməsi nəzərdə tutmuruq. Bu il ərzində bir neçə filialı birləşdirdik. Amma təbii ki, iqtisadi durumda dəyişiklik olarsa, görsək ki, digər filiallar öz çevikliyini, gəlirliyini itirib, bu barədə düşünə bilərik. Hazırda isə belə bir plan yoxdur".