Banklar kredit borcunu vaxtında ödəməyən müştəriyə qarşı məhkəmə qərarı olmadan heç bir tədbir görə bilməz. Bunu fins.az-a açıqlamasında vaxtı keçmiş borcların yığılması ilə məşğul olan “BOA” kollektor agentliyinin baş hüquqşünası Ramiz Hüseynov deyib.
Onun sözlərinə görə, yalnız məhkəmənin borcun məcburi alınması ilə bağlı yekun qərarından sonra bank məhkəmə icraçısına kömək edə, onu lazımi məlumatlarla təmin edi bilər. Söhbət borclunun yaşayış və iş yeri, zaminləri barədə məlumatlardan gedir. Məhkəməyə qədər isə bank yalnız problemli müştəri ilə əlaqə saxlamalı, mümkündürsə, onun üçün yeni ödəniş qrafiki təyin etməlidir.
Xatırladaq ki, hazırda banklar kreditini gecikdirən müştərilərə qarşı müxtəlif tədbrlərə əl atırlar. Bu tədbirlərin heç də hamısı qanuni olmur. Bəzi banklar hətta borcunu gecikdirən və ya qaytarmayan müştərilərin şəkillərini onların yaşadığı binaların bloklarına da yapışdırırlar.
R.Hüseynov isə bildirib ki, bu addım tamamilə qanunsuzdur: «Bankların məhkəməsi müştəriyə qarşı inzibati addımlar atması, onun şəklini harasa vurması qeyri-qanunidir».
Hüquqşünas deyir ki, belə hallar üzləşən müştəri hətta həmin bankı məhkəməyə verib ondan kompensasiya tələb edə bilər: «Burada iki hal var. Əgər bank bu müştərini kredit borcuna görə məhkəməyə verməmişdən əvvəl onun şəklini yayırsa, müştəri ona qarşı iki səbəblə iddia qaldıra bilər. Birincisi, bank sirrini yaydığına görə, ikincisi işgüzar nüfuzuna xələl gətirdiyinə görə. Əgər bank müştərini məhkəməyə veribsə, və məhkəmə qərarından sonra onun şəklini yayırsa, bu zaman artıq ortada bank sirri olmur. Bu vəziyətdə müştəri bankı yalnız işgüzar nüfuzuna zərər vurduğu üçün məhkəməyə verə bilər».