30 Oktyabr

“Saxo Bank” Azərbaycana gələcəkmi?

Danimarkanın investisiya bankı – “Saxo Bank” yaxın gələcəkdə Azərbaycanda nümayəndəlik açmağı planlaşdırmır. Fins.az-ın məlumatına görə, bu barədə “Saxo Bank”ın Mərkəzi və Şərqi Avropa regionunda ticarət əməliyyatları üzrə meneceri Fuad Kərimov keçirdiyi onlayn brifinqdə bildirib. Onun sözlərinə görə, təmsil etdiyi bank yerli maliyyə institutları ilə yaxşı əlaqələrə malik olsa da, Azərbaycan da daxil olmaqla keçmiş SSRİ ölkələrinin heç birində nümayəndəlik açmaq niyyətində deyil: “Biz Azərbaycan bankları ilə işləyirik, onlar bizim müştərimiz kimi xidmətimizdən istifadə edərək valyuta və digər əməliyyatlar həyata keçirirlər. İstənilən iri bankın “Saxo Bank”da hesabı var. Amma biz onlayn investisiya bankıyıq və bütün əməliyyatlarımız yüksək səviyyədə avtomatlaşdırılıb. Odur ki, fiziki baxımdan Azərbaycanda olmağımıza ehtiyac yoxdur”.