Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın 1 ay ərzində əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinə dair təkliflərini ölkə rəhbərliyinə təqdim edəcək. Bunu fins.az-a açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, əvvəlcədən deyildiyi kimi, əmanətlərin sığortalanması zamanı faiz və məbləğ məhdudiyyətinin aradan qaldırılması nəzərdə tutulub: “Bu məsələlər AMB-nin təkliflərində öz əksini tapacaq. Məhdudiyyətlərin ləğvindən sonra hamının əmanəti sığortalanacaq”.
Xatırladaq ki, hazırda Azərbaycanda qüvvədə olan qaydalara görə, illik faiz dərəcəsi 12%-dən, bir bankda isə 30 min manatdan çox olmayan əmanətlər sığortalanır.