30 Oktyabr

İpoteka Fondunun rəqibləri artır

Azərbaycanda manatla, uzunmüddətli ipoteka şərtləri əsasında mənzil satan tikinti şirkətlərinin sayı getdikcə artır. Fins.az-ın məlumatına görə, hazırda paytaxtda 4 şirkət “Azərbaycan Beynəlxalq Bankı” ilə əməkdaşlıq çərçivəsində ipoteka kreditləşməsi layihəsinə qoşulub. Bunlar “Yeni həyat”, “Bakı Ağ şəhər, “Kristal Abşeron” və “AS Group İnvestment” şirkətləridir.

Bu şirkətlərin tikdiyi yaşayış komplekslərindən mənzil almaq üçün 10% ilkin ödəniş etmək kifayətdir. Qalan məbləğ isə illik 8%-lə, 20 il müddətinə ipoteka krediti kimi ayrılır. Kredit isə xarici valyuta ilə deyil, məhz manatla təklif olunur. Məsələnin maraqlı tərəfi də elə budur. Azərbaycanda milli valyutanın təkrar devalvasiyası ehtimalının olduğunu nəzərə alsaq, 20 il müddətinə manatla ipoteka krediti götürmək lap göydəndüşmə sayılır.

Bundan başqa, onu da nəzərə almaq lazımdır ki, dövlət xətti ilə ipoteka kreditləşməsini həyata keçirən “Azərbaycan İpoteka Fondu” ASC də ipoteka kreditlərini illik 8%-lə ayırır. Yəni, faiz məsələsində Fondla tikinti şirkətləri bir-birinə rəqibdirlər. Üstəlik, dövlət ipotekasında ilkin ödəniş 20% olduğu halda, tikinti şirkətlərinin ABB ilə birgə ipoteka layihəsində bu nisbət 10%-dir. Sadəcə Fond krediti 25 il müddətinə, ABB isə 20 il müddətinə ayırır.