30 Oktyabr

Azərbaycanın tədiyyə balansının profisiti 38 dəfə azalıb

2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2014-cü ilin analoji dövrünün yekunları üzrə 9 mlrd. 65,4 mln. dollara qarşı 240,5 mln. dollar təşkil edib, yəni 37,7 dəfə azalıb.

Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş 2015-ci ilin 9 ayı üzrə tədiyə balansına əsasən, hesabat dövrü ərzində neft-qaz sektoru üzrə profisit 5 mlrd. 442,3 mln. dollar təşkil edib, qeyri-neft sektoru üzrə kəsir isə 5 mlrd. 201,7 mln. dollara bərabər olub.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 19 mlrd. 344 mln. dollar təşkil edib və Azərbaycanın xarici ticarətdə profisiti 5 mlrd. 302 mln. dolar səviyyəsində olub. Bununla belə, xarici ticarət dövriyyəsinin həcminin 9,8%-i MDB, 90,2%-i uzaq xarici ölkələrin payına düşüb.

Həcmi 12 mlrd. 323 mln. dollar (azalma 46,3%) təşkil edən ixracın strukturunda 11 mlrd. 206,8 mln. dollar (azalma 48,5%) neft-qaz məhsullarının payına düşüb ki, bu da Azərbaycanın əmtəə ixracının ümumi həcminin 91%-ni təşkil edir.

Həcmi 7 mlrd. 20,8 mln. dollar (artım 4,4%) təşkil edən idxalın strukturunda 2 mlrd. 830,7 mln. dollar istehlak mallarının, 838,5 mln.dollar ərzaq mallarının payına düşüb. Yanvar-sentyabr ayları ərzində investisiya mallarının idxalı 1 mlrd. 365,6 mln dollar, digər malların idxalı 2 mlrd. 824,5 mln.dollar təşkil edib.

Qeyd edək ki, 2014-cü il ərzində Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 10 mlrd. 423,6 mln.dollar təşkil edib.

DEVALVASİYA EHTİMALINI ARTIRIR

Əgər bu il tədiyyə balansı defisitli olarsa, bu, növbəti devalvasiya ehtimalını artırır. Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Əgər ölkəyə daxil olan valyuta çıxan valyutadan azdırsa defisit yaranır. Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan etmişdi ki, neftin barelinin qiyməti 40 dollar səviyyəsinə düşsə, Azərbaycanın tədiyyə balansı defisitli (kəsirli) deyil. Əgər neft 40 dollardan da aşağı düşərsə, tədiyyə balanında defisit yarana bilər (Hazırda neftin bareli 37 dollardır). Başqa sözlə, Azərbaycanın “cibində” pulu qalmır. Ölkə gəlirindən çox xərcləyir və xərclərini ödəmək üçün borc almaq məcburiyyətində qalır. Tədiyyə balansı uzun müddət defisitli olarsa, ölkə əvvəlki borcunu ödəmək üçün yenidən borc alır və nəticədə də dözülməz vəziyyət yaranır və ölkə iflasın astanasına gəlir. Tədiyyə balansının defisitinin azaldılmasının digər bir yolu faiz dərəcələrini artırıb daxili istehlakı (xərcləri) azaltmaqdır. Belə bir addım da, Azərbaycanın indiki vəziyyəti üçün məqbul bir addım olmaz. Əksinə, faizləri aşağı salaraq iqtisadiyyatı canlandırmaq prioritetdir.

Bəs tədiyyə balansının defisitini aradan götürmək üçün nə etmək lazımdır? Kəsiri (defisiti) bağlamaq üçün idxal mallarını bahalı etmək (xarici valyutaları bahalaşdırmaqla), ölkə daxilində ixrac yönümlü mal və xidmət istehsalını artırmaq və ixracın rəqabətdə güclü olması üçün milli valyutanı ucuzlaşdırmaq (devalvasiya) lazımdır.

Qeyd edək ki, hazırda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycanın idxalını artıra bilər ki, bu da tədiyyə balansının kəsirə doğru getməsini sürətləndirir. Malların xarici valyutada qiymətinın düşməsi nəticəsində Azərbaycana xarici malların axını başlayır. Tədiyyə balansı defisitli olan zaman ölkə daxilində xarici valyutaya, əsasən də dollara tələb artır. Bu da Mərkəzi Bankın valyuta ehtiyatları üzərində təzyiqi artırır. Belə ki, Mərkəzi Bank valyuta ehtiyatlarını istifadə edərək həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatını tam təmin etməlidir.

Mənbə: İnterfaks, Marja