Azərbaycan banklarındakı bütün əmanətlər sığortalanacaq. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib. Xatırladaq ki, ölkədə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərsə də, heç də bütün əmanətlər sığortalanmır. Belə ki, aşağıdakı 10 növ əmanət qorunmur: 1) adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
2) bankın Azərbaycandan kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
3) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
4) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
5) üzərinə həbs qoyulmuş əmanətlər;
6) cəlb edildiyi günə ADİF-in Himayəçilik Şurasının Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
7) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
8) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
9) ödəniş müddətlərinin, başa çatıb - çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
10) bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.
Məhz bu qaydaya görə, 2015-ci ilin 3-cü rübünün yekunlarına görə, əhalinin banklardakı 7,3 milyard manat əmanətinin 2 milyardı qorunmayan əmanətlər olub: “Bunlar da əsasən illik faiz dərəcəsi 12%-dən çox olan, sahibinə kredit verilmiş, zəmanət kimi göstərilmiş, eləcə də fərdi sahibkarlara məxsus əmanətlərdir. Bu 4 qrup əmanətin qorunan əmanətlərə aid edilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulub”.
Amma əmanətləin qorunması təkcə yuxarıda göstərilən səbəblərdən asılı deyil. Qaydalara görə, qorunan əmanətlərin məbləğinə görə də limit var. Hazırda bu məbləği 30 min manatdır. Yəni qorunan əmanət batdığı halda əmanətçi maksimum 30 min manat kompensasiya ala bilər.
Qorunma sisteminin tam olması üçün bu məsələyə də dəyişiklik ediləcək. Belə ki, bir qədər əvvəl A.Cavadov fins.az-a bildirib ki, əmanətlərin sığortalanması zamanı faiz və məbləğ məhdudiyyətinin aradan qaldırılması nəzərdə tutulub.
Xatırladaq ki, hazırda Azərbaycanda qüvvədə olan qaydalara görə, illik faiz dərəcəsi 12%-dən, bir bankda isə 30 min manatdan çox olmayan əmanətlər sığortalanır.