Prezident İlham Əliyev dekabrın 21-də Azərbaycanda baş verən devalvasiya prosesinə münasibət bildirib.
2015-ci ilin yekunlarından danışarkən dövlət başçısı qeyd edib ki, dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq ölkəmiz inkişaf edir. Amma neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, mili valyutanın məzənnəsinə də təsir edib.
Prezident bildirib: «Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin 3 dəfə aşağı düşməsidir. Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi, biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq.
Gözləyirdik ki, neftin qiymətləri sabitlləşsin, 50 dollar səviyyəsində sabitlləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq, amma hal-hazırda neftin qiyməti 36 dollara düşüb.
ABŞ-da dollarla bağlı qəbuledilən son qərar da neftin qimətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur.
Düzdür, dünya iqtisadiyatı bir qədər tənəzzülə uğrayıb, bir qədər templər aşağı düşüb, amma o dərəcədə yox ki, neftin qiyməti birdən birə il ərzində 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu düşünülmüş siyasətdir, bu siyasətin məqsədi də heç kim üçün sirr deyil, sadəcə olaraq Azərbaycan bu vəziyyətdən əziyyət çəkir.
Amma buna baxmayaraq biz əlbəttə ki çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirək».
Dövlət başçısı bildirib ki, hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanması ilə bağlı vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. Dövlət başçısının bu barədə çıxışını buradan izləmək olar.
«Biz çalışacağıq ki, bu qərarın mənfi fəsadlarını azaldaq» deyən İlham Əliyev süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirlərinin görüləcəyini vurğulayıb. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarların qəbul olunduğunu deyən dövlət başçısı iqtisadi maliyyə sektorunda daha ciddi islahatların aparılacağını bildirdi. İqtisadi liberallaşdırma siyasətinin, inhisarçılığa qarşı tədbirlərin görüləcəyini, gömrük və vergi sistemində maksimum şəffaflığın təmin ediləcəyini bildirib.
Dövlət başçısının bu barədə çıxışını buradan izləmək olar.