Devalvasiya, milli valyutanın kəskin ucuzlaşdığı, qiymətlərin artdığı və gəlirlərin azaldığı bir vaxtda əldə olan vəsaiti etibarlı qoymaq üçün pulu nəyə yatırmaq lazımdır? Fins.az-ın bununla bağlı sorğusunu cavablandıran “AS Group İnvestment” Şirkətlər Qrupunun strateji araşdırma mərkəzi hesab edir ki, vəsaiti qoruyub saxlamaq üçün bir neçə variant mövcuddur. Amma bütün riskləri və gözləntiləri nəzərə alanda ən optimal variant pulu əmlaka yatırmaqdır.
Fins.az- şirkətin bu məsələ ilə bağlı şərhini təqdim edir:
«Bu gün çoxlarını əllərində olan vəsaitin hansı valyutada saxlamaq və ya hara yatırım etmək sualı maraqlandırır. Hal-hazırda ən çox yayılan 3 addım var:
1. Əldəki vəsaiti hər hansı bir valyutada saxlayaraq depozitə yatırım etmək.
Ən yaxşı addımlardan biri depoziti multivalyutada saxlamaqdır. Bu variantı seçsəniz, bir çox hallarda qazanc əldə etməyəcəksiniz, amma gələcəkdə məzənnə dəyişikliyi zamanı itirmək riskini azaldacaqsınız. Əgər siz bu yolu seçirsinizsə depozit faizlərinin çox aşağı olmasını və illik inflyasiyanı da nəzərə almalısınız. Ancaq qısa müddətli yatırım üçün bu addım daha məqsədyönlüdür.
2. Qiymətli kağızlar, qızıl və s.
Qiymətli kağızlar bazarında işləmək üçün, bu sahənin mütəxəssisi olmalısan. Həmçinin heç kimə sirr deyil ki, bu sahə bir çox hallarda risklidir. Qızıl uzun zaman, xüsusən də böhran şəraitində ən etibarlı investisiya aləti sayılıb. Çünki qiymətdə ən az dəyişən yatırım olub. Lakin 2008-ci il qlobal maliyyə böhranından sonra qızılın fond birjalarında qiyməti sürətlə artmağa başladı. 4 il ərzində 120% artım müşahidə olunub. 2012-ci ilin sonlarından etibarən qiyməti düşməyə başlayıb və bu illə müqayisədə qiymətində 40 % eniş olub. Ümumi tendensiya bu tip yatırımın da riskli olmasından xəbər verir.
3. Daşınmaz əmlak.
Daşınmaz əmlakla bağlı 2 əsas faktoru oxucuların nəzərinə çatdırmaq istəyərdik:
- Daşınmaz əmlakın qiymətləri
Daşınmaz əmlakla bağlı hər bir mütəxəssisin öz fikri var. Bir çoxlarında belə fikir formalaşıb ki, daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə enib. Lakin dərindən araşdırma aparsaq görərik ki, bu heç də belə deyil. Oktyabr ayında mütəxəssislərimiz tərəfindən aparılmış araşdırmaya əsasən ümumi bazar üzrə keçən illə müqayisədə USD ekvivalentində 1 m2-in qiymətində 30 % eniş olmasına baxmayaraq, AZN ekvivalentində cəmi 7% eniş müşahidə edilmişdir. Tikilməkdə olan yaşayış komplekslərində ümumiyyətlə 2015-ci ilin əvvəlindən nəzərəçarpacaq qiymət enişi olmamışdır. Bəzi layihələr hətta fevral-mart aylarında qiymətləri artırmışlar. 22 dekabrda hal-hazırda tikintisi davam edən yaşayış komplekslərində aparılan ekspress monitorinqin nəticəsi isə onu göstərir ki, bazarda bir çox developer şirkətləri qiymətlərində artım ediblər və ya satışlarını dayandırıblar. Bəzi şirkətlər 30 %-ə yaxın qiymət artımı ediblər. Bu addımı əsasən tikinti materialları üzrə istehsal bazası olmayan şirkətlər atıblar.
Bu normal haldır, çünki hər bir tikintinin maya dəyəri var. Başlamış olan tendensiyanı digər developer şirkətləri ən azından rəqabət mühitini nəzərə alaraq davam etdirəcək və bazarda qiymət artımı olacaq. Tikinti şirkətləri uzunmüddətli ipoteka şərtləri ilə və yalnız manatla verilən ipoteka ilə müştəriləri cəlb edə biləcəklər.
- Daşınmaz əmlaka olan tələbat
Bakı şəhərində hər bir insana orta hesabla 17.4 m2 mənzil sahəsi düşür. Şəhərin göstəricisinin digər qonşu ölkələrə və inkişaf etmiş ölkələrə nisbətən çox aşağıdır. Belə ki, bu göstəricilər Tiflis ş.-də - 22.8 m2, Rusiyada – 22 m2, Avropada – 40 m2, ABŞ-da isə - 60 m2-dir. Tələbatın bu qədər yüksək olması ilə biz bu ayın əvvəlləri “Renessans Palace” yaşayış kompleksində 20 illik sadə şərtlərlə manatla ipoteka ilə satışa başlayanda hiss etdik. Belə ki, bir gün ərzində satış ofisinə 400 -ə yaxın zəng və müraciət daxil olmuşdur. Bu və ya digər faktorlar Bakı ş.-də mənzilə olan tələbatın ən azı bir neçə il davam edəcəyinə dəlalət edir.
Nəticə
Sonda onu qeyd etmək istərdik ki, daşınmaz əmlaka yatırım - vəsaiti dollarda olanlar üçün xüsusən cəlbedicidir. Belə ki, onlar hal-hazırda manatla verilən ipotekadan yararlanaraq həm uzunmüddətli yatırım edə bilərlər, həmçinin gələcəkdə onun kirayəsindən qazana bilərlər. Beləliklə, əgər hədəf uzunmüddətli yatırımdırsa, yuxarıda qeyd edilən faktorları nəzərə alaraq daşınmaz əmlaka yatırım ən cəlbedici alətdir».
“AS Group İnvestment” Şirkətlər Qrupunun strateji araşdırma mərkəzi