30 Oktyabr

“PAŞA Bank” da dollar kreditlərində güzəşt edəcək

“PAŞA Bank” valyuta bazarındakı vəziyyətdən asılı olaraq müştərilərinə kreditlərin yenidən strukturlaşdırılmasını, ödəniş müddətinin uzadılmasını təklif edə bilər. Bunu fins.az-a açıqlamasında bankın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, “PAŞA Bank” müştərilərinin üzləşə biləcəyi çətinliklərin, o cümlədən kökü regiondakı və dünyadakı makroiqtisadi mühitin dəyişməsi ilə bağlı olan çətinliklərin həllinə çevik reaksiya göstərik: “Bu səbəbdən son aylardakı fəaliyyətimizin əsas məqsədi müştərilərimizin hər biri ilə görüşlərin keçirilməsi, onların biznesinin vəziyyətinin və təmsil olunduqları bazarın şərtlərinin təhlil edilməsi, həmçinin onların gələcək uğurlu fəaliyyəti üçün optimal və dəqiq qərarların verilməsindən ibarət olub”.

Taleh Kazımov həmçinin qeyd edib ki, rəhərlik etdiyi bank ölkənin korporativ sektoru üçün güclü və dayanıqlı tərəfdaş mövqeyində duraraq, müştərilərinə həm konsaltinq dəstəyi verməyə, həm də geniş çeşiddə məhsul və xidmətlər təqdim etməklə biznesi maliyyələşdirilməyə hazırdır: “Hal hazırda valyuta məzənnəsinin dəyişməsi istisna deyil. Biz hər bir müştəriyə fərdi qaydada yanaşmışıq və bundan sonra da yanaşacağıq. Bazar vəziyyətdən asılı olaraq, kreditlərin yenidən strukturlaşdırılmasını, ödəniş müddətinin uzadılmasını təklif edə bilərik. Bu isə ortamüddətli perspektivdə konkret biznesin inkişafına müsbət təsir göstərəcək”.