Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələrinə, dollar və avro ötən günlə müqayisədə bahalaşsa da, banklar hələ də, valyuta satışını bərpa etməyib. Bu, fins.az əməkdaşlarının Bakının mərkəzindəki bank filiallarında apardığı müşahidələr nəticəsində məlum olub. Banklar yalnız dollar və avronu alırlar.
Məsələn, hazırda “Bank of Baku”da dolların alış qiyməti 1,55 manat, avronun alış qiyməti isə 1,671 manatdır. Bankdakı tabloda satış qiymətləri də göstərilib, amma valyuta almaq istəyənlərə “Yox” cavabı verilir.
Eyni vəziyyət “Unibank”da da hökm sürür. Bank dolları 1,5594 manatdan, avronu isə 1,6961 manatdan alır. Satış qiymətləri isə müvafiq olaraq 1,63 manat və 1,74 manat göstərilib, amma bank valyuta satmır.
“Bank Respublika”da isə tabloda yalnız xarici valyutaların alış qiymətləri göstərilir. Bank dolları 1,54 manatdan, avronu isə 1,661 manatdan alır.