30 Oktyabr

“PAŞA Bank”-dan “məzənnə” güzəşti

Azərbaycanın ən iri banklarından biri – “PAŞA Bank” müştərilərinin 21 dekabr 2015-ci il tarixdə valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kart üzrə əməliyyatlar nəticəsində hesabdan əlavə məbləğin silinməsi ilə bağlı müraciətlərini nəzərdən keçirib. Bu barədə fins.az-a bankdan bildirilib. “PAŞA Bank”ın İdarə Heyətinin qərarına əsasən, artıq manatın məzənnəsi dəyişdikdən sonra silinmiş vəsaitlərin hesablardakı qalıqlarında yaranan fərq Bank tərəfindən ödəniləcək və müştərilərin hesablarında bərpa olunacaq.

Beynəlxalq ödəmə sistemlərinin qaydalarına görə, əməliyyat aparılan anda hesabdakı vəsaitlər sadəcə əməliyyat gününün məzənnəsi ilə bloklanır. “PAŞA Bank”ın Baş kommersiya direktoru Melih Mengünün sözlərinə görə, vəsaitlərin hesabdan silinməsi isə bir müddət sonra, adətən 5 iş günü ərzində (digər tərəflərdən ödəmə tələbnaməsinin Banka daxil olduğu vaxtdan asılı olaraq) vəsaitlərin silindiyi günün məzənnəsi ilə baş verir.

M.Mengü sözünü yekunlaşdıraraq bildirib: “Buna baxmayaraq, Bank müştərilərində yaranan çətinliklərin həllinə məsuliyyətlə yanaşır. Vəziyyəti və manatın zəifləməsi effektini təhlil edib, onlara valyuta məzənnələrinin dəyişməsi effektinin minimuma endirilməsində köməklik göstərmək üçün müvafiq tədbirlər görmüşük”.

“PAŞA Bank” – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətlərini göstərir. Baş ofis və 9 biznes-mərkəzlə təmsil olunan “PAŞA Bank”da 400-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülüb.

“PAŞA Bank” Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan “PAŞA Şirkətlər Qrupu”nun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan “Kapital Bank” da “PAŞA Şirkətlər Qrupu”na aiddir.