“Parabank” manatın təkrar devalvasiyasından əvvəl dollar kredit götürmüş müştərilərin borclarını restruktizasiya etməyə başlayıb. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bildirib.
Onun sözlərinə görə, bu proses kütləvi şəkildə həyata keçirilir: “Nadir hallarda ödənişdən imtina edənlər olur, amma əksər müştərilər banka müraciət edərək kreditin ödəniş müddətinin uzadılmasını istəyir və onların istəyinə müsbət cavab verilir. Krediti restruktizasiya edilmiş müştərilərin sayı filialdan asılı olaraq 10-50 civarındadır”.
Rəcəb Hüseynov qeyd edib ki, təmsil etdiyi bank təkcə kredit müqaviləsinin müddətini artırmır, həm də müştərinin ödəniş tarixçəsindən asılı olaraq kreditlərin illik faiz dərəcələri azaldılır: “İllik faizlərin 4%-ə qədər azaldılması mümkündür.
Bu güzəştləri biz fevral devalvasiyasından sonra da etmişdik, indi də edirik. Əsas məqsəd odur ki, dollar kreditləri üzrə aylıq ödənişlər manatla ifadədə devalvasiyadan əvvəlki səviyyəyə düşsün və ödənişlərdə ləngimələr olmasın”.