30 Oktyabr

500 dollardan artıq əməliyyat üçün şəxsiyyət vəsiqəsi - MƏRKƏZI BANKDAN QƏRAR

Azərbaycanda nağd xarici valyuta əməliyyatlarına nəzarət gücləndirilir. Azərbaycan Mərkəzi Bankı valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə növbəti addım atılıb.

Fins.az-nməlumatına görə, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.

500 dollarlıq "çərçivə"

Yeni qaydalarda nağd valyuta ilə əməliyyatlara nəzarət kəskin surətdə sərtləşdirilib. Belə ki, Əgər indiyə qədər qüvvədə olmuş Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılıbsa, yeni Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Eyni bankda bir neçə məzənnə ola bilər

Yebi qaydalara görə, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir.

Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.

Mübadilə məntəqələri bankın qərarı ilə yaradılır

Yeni Qaydalara əsasən mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankı tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Bu Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir. Bundan əvvəl qüvvədə olan Qayda xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına şamil edilməyib.

İmtinadan şikayət etmək mümkün olmayacaq

Bundan əvvəl qüvvədə olan Qaydaya əsasən banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərdilər. Şikayətin verilməsi Milli Bankın müvafiq qərarının icrasını dayandırmırdı. Lakin bundan sonra banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından şikayət verə bilməyəcəklər. Yeni Qayadada bankların Mərkəzi Bankın bu sahədəki qərarlarından məhkəməyə şikayət vermək hüququ əksini tapmayıb.

Mənbə: Fins.az, APA