30 Oktyabr

Məzənnədə daha bir dəyişiklik - YENİ QAYDA

Bundan sonra Azərbaycan bankları nağd valyutanın alışı və satışı üzrə eyni vaxtda bir neçə məzənnə müəyyən edə biləcəklər. Fins.az-ın məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin yenicə qəbul etdiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” əsasında mümkün olacaq. Qaydalara əsasən, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənəcək və şöbələr üzrə fərqli ola bilər.

Bundan başqa, yeni qaydalara görə, xarici valyutanın məzənnəsi gün ərzində bir neçə dəfə dəyişə bilər. Belə ki, qaydalarda nəzərdə tutulub ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir.

Qaydalara əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Amma Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə banklar mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət etməlidir. Qeyd edək ki, bu yanaşma əvvəlki qaydalarda da mövcud idi.