30 Oktyabr

Bankdan açıqlama: DOLLARI ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ SATIRIQ

“Kapital Bank” dollarla əməliyyatları dayandırması barədə mətbuatda gedən məlumatlarla bağlı açıqlama yayıb. Fins.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, “Kapital Bank”ın filial və şöbələrində bütün valyuta mübadilə əməliyyatları üzrə xidmətlər davam edir: “Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq 500 ABŞ dollarından yuxarı bütün valyuta mübadilə əməliyyatları yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır.

Bütün bank xidmətləri, o cümlədən, kart əməliyyatları, təcili pulköçürmə əməliyyatları əvvəlki qaydada həyata keçirilir. Pul köçürmə sistemləri vasitəsilə xarici valyutada daxil olan vəsaitləri müştərilər Bankın istənilən filialından qəbul edə bilərlər. Qeyd etmək istərdik ki, bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmayıb.

Müştərilərin rahatlığını təmin etmək məqsədilə təcili pul köçürmə sahəsində daha bir yenilik tətbiq olunacaq. Tezliklə “Xəzri” beynəlxalq sürətli pul köçürmə sistemi ilə göndərilən vəsaitləri günün 24 saatı, həftənin 7 günü fəaliyyət göstərən Kapital Bank bankomatlarından da çıxarmaq mümkün olacaq”.