Dolların dünya birjalarında qiyməti gözlənildiyi kimi keçən həftənin cümə günü bahalaşmağa başlayıb. Nəticədə avronun və əmtəə birjalarında neft və qızılın qiymətləri də təzyiq altındadır.
Ümumiyyətlə, EUR/USD cütlüyünün qiyməti 1.0909$-a kimi ucuzlaşdıqdan sonra iyul ayının əvvəlindən etibarən 1.1233$-a kimi bahalaşdı. Bazarlar bahalaşmanı korreksiya kimi qiymətləndirərək bitdiyini və qiymətin yenidən ucuzlaşa biləcəyini gözlədikləri məqamda, avro keçən həftə 1.1233$-ı yuxarı istiqamətdə yenidən qıraraq, korreksiyaya 1.1365$-a kimi davam etdi. Bunun səbəbi isə dolların dünya valyuta birjalarında ucuzlaşmasının sürətlənməsi oldu.
Beləliklə, cari vəziyyətdə avronun qiymətini 1.1233$-ın üzərində saxlayan amilin dolların ucuzlaşmasıdırsa, onda dolların dünya birjalarında qismən bahalaşması avronun eniş trendinin bərpa etməsinə səbəb ola bilər. Eyni zamanda, bu həftə dolların qiymətinə təsir edə biləcək ABŞ-ın daşınmaz əmlak bazarı ilə bağlı önəmli iqtisadi məlumatların yayımlanması gözlənilir.
Hal-hazırda 1.1280$ ətrafında ticarət olunan Avro/dollar cütlüyünün qiyməti 1.1365$-ı yenidən yuxarı istiqamətdə qırarsa, 1.1430$ və 1.1501$-a kimi bahalaşa bilər. Əks təqdirdə, qiymət eniş trendinə davam edərək, 1.1096$ və 1.0909$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Dolların bahalaşması əmtəə bazarlarında da neft və qızıl qiymətinin ucuzlaşmasına təsir edib. Keçən həftə 51.20$-a kimi bahalaşan Avropanın Brent markalı neftinin bir barel qiyməti bu gün Asiya sessiyasında 50.00$ ətrafında ticarət olunub. Qızılın bir unsiya qiyməti isə bu gün Asiya sessiyasında 1339.84$-dan 1331.70$-a kimi dəyər itirib.
Bu gün isə dünya valyuta birjalarında avro və dolların qiymətində güclü hərəkətliliyə səbəb ola biləcək önəmli statistik məlumatların açıqlanması gözlənilmir.
Mənbə: İnvest.az