Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) dolların məzənnəsi ilə haqqında yanlış məlumatla bağlı tədbirlər görüb. Bu barədə fins.az-a palatadan bildirilib.
Qurumun açıqladığı məlumata görə, sentyabrın 6-da mobil rabitə istifadəçilərinə qanunsuz mənbələrə istinadən valyuta məzənnəsi haqqında yanlış məlumatlar əks etdirən sms göndərilib: «Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq dövlət orqanları ilə birlikdə apardığı tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətin qarşısı alınıb».
Qeyd edək ki, bu gün "Azercell" mobil operatorunun istifadəçilərinə göndərilən sms-də dolların rəsmi məzənnəsi ilə yanaşı, «dolların real məzənnəsi» adı ilə onun daha yüksək məzənnəsi təqdim edilib. Burada dolların satış qiyməti 1,78-1,87 manat göstərilmişdi.