30 Oktyabr

«Bank Standard»ın əmanətlərini belə qaytarırıq» – FONDDAN AÇIQLAMA

Bu gün, yəni oktyabr ayının 11-də saat 9:00-dan etibarən lisenziyası ləğv edilmiş “Bank Standard”da qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb. Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov fins.az-a bildirib ki, dollarla olan əmanətlər dollarla, avro ilə yatırılan pullar avro ilə, manatla qoyulan vəsaitlər isə manatla qaytarılır. Əgər əmanətlər multivalyuta şəklindədirsə, vəsaitlər manatla ödəniləcək.

Bank oktyabr ayının 4-də bağlandığı üçün əmanətlər həmin günün rəsmi məzənnəsinə uyğun olaraq ödənilir. Yeri gəlmişkən, əmanət müraciət edənlərin çox olacağı nəzərə alınaraq əmanətlərin qaytarılmasına, əvvəlcədən elan edildiyi kimi, saat 10-dan deyil, saat 9-dan başlanılıb.

A.Cavadov əlavə edib ki, bir saat müddətində artıq 30 nəfər qəbul edilib: “Amma buna baxmayaraq, bankın ətrafında əmanətçilərin sıxılığı yaranıb. Hamı bankdan əmanətlərini almağa tələsir.Hazırda 100-dən çox insan növbəyə düzülüb”. A.Cavadov əmanətçiləri sakit olmağa çağırıb. O bildirib ki,bütün qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.