Hazırki vəziyyətdə sterilizasiyanın daha iri həcmdə davam etdirilməsi mənfi effektlər verər və biznes mühiti getdikcə pisləşə bilər. Fins.az xəbər verir ki, vəziyyətə yanaşmada isə iqtisadçılar iki qrupa bölünür: birinci qrup hesab edir ki, pul çatışmazlığı səbəbindən artıq biznesdə mənfi tendensiyalar başlayıb. Statistika da göstərir ki, investisiya qoyuluşları və idxalda kəskin azalma baş verir. Üstəlik, pul çatışmazlığı əhalinin borclarını ödəməsinə ciddi zərbə vurur, bu halda banklar da ziyan çəkir.
Çünki əhalinin pul gəlirlərinin azalması onların ödəmə qabilliyətini məhdudlaşdırır. İkinci cəbhədə dayanan maliyyə sektoru isə hesab edir ki, hazırki vəziyyətdə əsas hədəflər dollara olan təlabatın azalması, inflyasiyanın qarşısının alınmasıdır. Lakin bunun real sektora ciddi zərbə vurduğunu etiraf edirlər. Digər tərəfdən, dolların kursunun artması idxal mallarının qiymətinin qalxması deməkdir. Çıxış yolu isə bank sektorunun qazandığı bu vaxtdan real sektorun da səmərəli şəkildə istifadə etməsidir. Həmin vaxtda maliyyə sektoru sabitləşməli, inflyasiyanın qarşısı alınmalı, real sektorda isə sürətli sağlamlaşdırma tədbirləri görülməlidir.
Bu iki versiyanı uzlaşdıran təklif isə E.Sadıqovdan gəldi. Mütəxəssis hesab edir ki, real sektorun vəzifəsi sürətlə hərəkətə keçib, emal və sənaye layihələri üzrə öz təkliflərini irəli sürməkdir. Real sektor indiki vəziyyətdə cəld inkişaf tempi götürməsə, banklar iki devalvasiyadan sonra növbəti və daha uzunmüddətli zərbəni yenə də real sektordan alacaq. E.Sadıqov hazırki vəziyyətdə aşağıdakı addımların atılmasını vacib hesab edir: “Real sektora maliyyə mənbələrinin açılması mütləqdir, lakin bu vəsaitləri təyinatsız buraxmaq olmaz və ciddi nəzarətdə saxlamaq lazımdır. İlk növbədə layihələrin iqtisadi əhəmiyyəti müəyyən olunmalıdır. Vəsaitlər sərt nəzarət altında mərhələli şəkildə layihələrin icrasına yönəlsə və təyinatı üzrə xərclənsə, dollara təlabatın artmasına təsir etməyəcək. Başqa sözlə, bütün dünyada geniş tətbiq olunan “project management” metodunun tətbiqi ilə yeni iş yerlərinin açılmasına və idxalın əvəzlənməsinə yönələn investisiya lahiyələri həyata keçirilməlidir.
Project management” metodu girov məsələlərinin həll olunmasına və iri vəsaitlər tələb edən layihələrin “sindikatlaşdırılmış kreditlər” vasitəsilə həyata keçirilməsinə imkan verir. Mütləqdir ki, layihələr İqtisadi İnkişaf Nazirliyi səviyyəsində qiymətləndirilsin, onun daşıdığı iqtisadi dəyər təhlil olunsun”, deyən iqtisadçı bazara real dəyər qazandıracaq layihələr üzrə pul daxil olarsa daha effektiv iqtisadi inkişafa səbəb olacağını bildirir. Yəni, ayrılacaq maliyyə vəsaitləri real sektorda istehlak kreditinə yönəlməməlidir. Ayrılacaq vəsaitlərin mənbələri banklar, investorlar, İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Sahibkarlığa Kömək Milli Fondu (SKMF) və xarici maliyyə insitutları ola bilər. Təəssüf ki, hələki belə əsaslandırılmış layihələr çox azdır. Mövcud layihələrin isə maliyyələşdirilməsi məsələsi və metodları açıq qalır.