“ACT Azərbaycan” Bakı şəhərində sakinlərin kreditləri ilə bağlı apardığı sorğu nəticələrini təqdim edib. Fins.az xəbər verir ki, şirkət Bakı sakinləriin kreditləri hansı müddətə götürmələrini araşdırıb.
2016-cı ildə ölkədəki maliyyə dəyişiklikləri, eləcə də devalvasiyalar kredit borcu olan əhalidən də yan ötüşməyib. Sorğu nəticəsində bəlli olub ki, rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var.
Gənc nəslin uzun müddət kredit ödəməyəsəbri çatmır. Belə ki, 18-34 yaş arasında olan respondentlərin 19%-i krediti qaytarmağın tərəfdarıdır. Onlar krediti 1 ilə qədər müddətdə bağlamağa üstünlük verirlər.
Maraqlısı odur ki, respondentlərin yaşı artdıqca, krediti ödəmə müddəti də uzanır. Bankdan kredit götürən Bakı əhalisinin təqribən yarısı (45%) krediti 1-2 il müddətinə götürür. Bu müddətlik kreditə əsasən, orta nəslin nümayəndələri (35-54 yaş arası) girir (56%). Bu yaş kateqoriyasına daxil olan bir qism respondent isə (14%) kreditin ödənməsi üçün uzun müddətə ehtiyac duyur. Ümumilikdə hər 10 respondentdən biri uzunmüddətli kredit (5 il və daha çox) almağa üstünlük verir.
Banklara borcu olan Bakı sakinlərinin 26% -i üçün borc qaytarmaq müddəti 2-5 il arasında dəyişir. Bu krediti əsasən yaşlı nəslin nümayəndələri (55 və yuxarı yaş ) götürür – 45%.
Xatırladaq ki, sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə keçirilib.