“ABC Telekom” dükanından 6 ay müddətinə 949 manata nisyə televizor alan vətəndaşın borcunu dükan müqavilədə 1209,79 dollar olaraq göstərib. Müqavilə isə 7 fevral 2015-ci il tarixdə imzalanıb. “Vətəndaş borcu manatla tam ödəyən dövrdə isə devalvasiya baş verib. Manatla borc tam ödənilsə də dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dolların, habelə 360 manat dəbbə pulun da ödənilməsini tələb edib. Vətəndaş ödəməkdən imtina edib. Bundan sonra dükan öz xeyrinə məhkəmə əmri də əldə edib.
Hüquqşünas Əkrəm Həsənovun açıqlamalarına görə, antikollektorun köməyi ilə vətəndaş əmrin ləğv edilməsinə, sonra isə öz xeyrinə qətnamənin qəbul edilməsinə nail olub. Belə ki, Nəsimi rayon məhkəməsinin hakimi Pərviz Hüseynovun 10 noyabr 2016-cı il tarixli Qətnaməsində göstərilir ki, dollarla satış Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən qanunsuz hesab edilir. Qətnamədə göstərilir ki, vətəndaşın borcu 949 manat olsa da, o, artıq 1025 manat ödəyib. Yəni vətəndaş dükana deyil, dükan vətəndaşa borcludur.
Beləliklə, kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz. Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin. Ə.Həsənovun sözləirnə əsasən, önəmlisi həm də odur ki, bu işdə Antikollektor vətəndaşı təmsil etməyib, sadəcə müvafiq sənədlərin hazırlanmasında kömək edib və təlimatlandırıb. Vətəndaş da özü məhkəmədə işi udub.