Son dövrdə avro dollar qarşısında ucuzlaşmaqda davam edir. Fins.az-ın məlumatına görə, son bir neçə ayda avro 1.12 dollardan 1.04 dollara qədər ucuzlaşıb. Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi avroda saxlanılır. Bundan əlavə, idxal olunan məhsulların bir hissəsi Azərbaycana Avropadan gətirilir. Belə olan halda avronun ucuzlaşması Azərbaycana hansı iqtisadi təsirləri ola bilər?
Avronun taleyi Trampdan aslıdır
İqtisadi ekspert Cəfər İbrahimli bildirib ki, Avropa iqtisadiyyatında makroiqtisadi dəyişikliklər Brexit sonrası avronun məzənnəsi əvvəlki kimi stabil olmayacağını göstərir. İtaliya və Yunanıstanda iqtisadi problemlər, Avropa Mərkəzi Bankının siyasəti vəziyyətin gərginləşdiyini göstərir. Nəticədə avronun üzərində təzyiq hiss olunur. Yəni, avro 1.12 dollardan 1.04 dollara qədər ucuzlaşıb. Xarici analitiklər dollar/avro məzənnəsinin hətta birə-bir səviyyədə olacağını bildirirlər. C.İbrahimli bununla belə hesab edir ki, hazırda dolların avro qarşısında bundan çox bahalaşacağı gözlənilmir: “ABŞ-da yeni- Tramp hakimiyyətinin izləyəcəyi siyasət dollar/avro məzənnəsinə də təsir edəcək. Belə ki, ABŞ milli valyutasının bundan artıq dəyər qazanmasında maraqlı olmayacaq. Bu idxalın stimullaşdırılması kimi görünə bilər. Tramp hakimiyyətinin bunun əleyhinə olacağı gözlənilir”. Ekspert bildirir ki, bunun təsirləri isə 2017-ci ilin birinci yarısından sonra daha aydın görünəcək.
Avroda saxlanılan ehtiyatları bir hissəsi likvid deyil
Avronun indiki səviyyəyə qədər ucuzlaşmasının Azərbaycana təsirinə gəlincə, C.İbrahimli bildirib ki, Dövlət Neft Fonudunun rezervlərinin 35%-i avroda saxlanılır. Amma qısa müddətdə bununla bağlı Fondun hər hansı dəyişikliyə gedəcəyi gözlənilmir. Belə ki, avro indiyə qədər nisbətən dəyər itirsə də, Neft Fondu valyuta ehtiyatlarında hər hansı bir dəyişikliyə getmədi. Qeyd edək ki, dünyada maliyyə əməliyyatlarının 20%-i avronun payına düşür və avro dollardan sonra ən dayanıqlı valyuta hesab olunur. Bundan əlavə, Neft Fondunun avroda saxlanılan ehtiyatlarının bir hissəsi likvid deyil: “Müəyyən qiymətli kağızlara, daşınmaz əmlaklara investisiya olunub. Bunu qısa müddətdə dollara çevirmək çətindir”. Ekspert ona görə də bildirir ki, Neft Fondunun qısa müddətdə avrodan imtina edəcəyi və bir səbətə keçməsi gözlənilmir.
Avropa ilə neft müqavilələri dollarla bağlanılıb
Avropa ölkələrinə neft ixracına gəlincə, ekspert bildirir ki, əsas kontraktlar dollarla bağlanılıb. Dünya birjaları da əməliyyatları dollarla aparır. Ona görə də avronun dollar qarşısında ucuzlaşması Azərbaycanın neft gəlirlərinə təsir edə bilməz.
Avropadan gətirilən malların qiyməti o zaman stabilləşə bilər ki...
Cari ilin əvvəlində dollar avro qarşısında 6% və manat qarşısında 13% dəyər qazanıb. Avro isə manat qarşısında 8%-ə yaxın dəyər qazanıb. Deməli, manat hər iki valyuta qarşısında dəyərini itirir. Azərbaycan iqtisadiyyatda daha çox dollarlaşma olduğu üçün pərakəndə alqı-satqı, yığım vasitəsi kimi saxlanma və idxalın böyük hissəsinin dollarla olduğunu nəzərə alsaq, bu valyuta ilə bağlı verilən qərarların manata təsiri daha çoxdur. Ona görə də yalnız avro və dollar cütlüyünün məzənnəsində asılı olaraq, manat avro qarşısında nisbətən sabitləşə bilərsə, bu halda ölkəyə Avropadan gətirilən malların qiyməti stabilləşə bilər.