Mərkəzi Bankın sterilizasiya tədbirlərinə baxmayaraq, 2016-cı ildə Azərbaycanda pul kütləsi ötən ilə nisbətən artıb. Mərkəzi Bankdan fins.a-a verilən məlumata əsasən, bu ilin oktyabr ayında ümumi pul kütləsi 7 448,9 milyon manat olub.
Nağd pul kütləsi artıb
Aybaay qeydə alınan artımın səbəbləri də maraqlıdır. Məsələn, sentyabrda bu rəqəm 6 810,3 milyon manat təşkil edib. Böhranın ilk ili hesab olunan 2015-ci ilin oktyabrında isə ölkədə pul kütləsi 7 055,9 milyon manat olub.
Bu il dövriyyədə olan nağd pul kütləsi də artıb. Belə ki, 2016-cı ilin oktyabrında dövriyyədə olan nağd pul kütləsi 6 290,9 milyon manat olub. Bir il əvvəl- 2015-cı ilin oktyabrında isə bu rəqəm 5994,9 milyon manat təşkil edib.
Bahalaşma, inflyasiya...
Ekspertlər isə pul kütləsinin artmasını təbii hal hesab edirlər. İqtisadçı ekspert, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov Mərkəzi Bankın dövriyyədən manat kütləsini yığmaqla bağlı səylərinin davam edəcəyini bildirib. Artımın səbəblərinə gəlincə, ekspert hesab edir ki, burada iqtisadi böhranın təzahürləridir. Belə ki, ölkədə inflyasiya gedir, nəticədə ərzaq səbəti bahalaşıb. Yəni, insanların indi gündəlik ehtiyaclarını ödəmək üçün daha böyük manat kütləsinə ehtiyacı var. Həmçinin cüzi də olsa əmək haqqlarnda artım müşahidə edilir. Üstəlik, dolların kursunun qalxması nəticəsində mübadilə zamanı verilən manat ekvivalenti də yüksəlib. Yəni devalvasiyalardan əvvəl 1 dollar 78 qəpik idi. Hazırda 1 dollar mübadilə nəzicəsində 1 manat 83 qəpik təşkil edir: “Bu vəziyyətdə pul kütləsinin çox olması təbiidir və əslində bu həcm daha yüksək olmalı idi”.