Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda Maliyyə Sabitliyi Şurasının 2017-ci il üçün pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tövsiyə edilib.
Fins.az xəbər verir ki, sənəddə 2016-cı ilin sonuna kimi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirləri təsdiqləmək və icrasını təmin etmək tapşırılıb.
Xatırladaq ki, iqtisadçı ekspert Qulu İbrahimli devalvasiyanın ildönümü münasibətilə açıqlamasında bu məsələyə də toxunub. Onun sözlərinə görə, Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankına verdiyi 1,2 milyard manatı "bloklanmış vəsait" adı ilə statistikasında pul bazasına aid etməyib. Q. İbrahimlinin sözlərinə görə, həmin vəsait Beynəlxalq Bankın müxbir hesabında saxlanılır. Həmçinin hökumət Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin azaldılması üzərində də işləyir. Bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib: "Hazırda bankın kiçildilməsi prosesi gedir, belə ki, Beynəlxalq Bankın aktivləri tədricən bazarın digər iştirakçılarına verilir. Ən əsası, bankın dayanıqlı gəlirlə generasiya etməsi üçün proqramımız var. 2017-ci ildə müvafiq işlər davam etdiriləcək və mən əminəm ki, bankın sağlaşlaşdırılması başa çatacaq".