30 Oktyabr

Azərbaycanda bank kartları ləğv ediləcək

Azərbaycanda yaxın illərdə plastik kartlar ləğv edilə bilər. Dünyanın inkişaf etmiş ölkələrində artıq müşahidə edilən bu prosesin Azərbaycanda da başlaması qaçılmazdır.

Dünyada artıq bu proses irəliləməkdədir və əksər maliyyə qurumları kontaktsız ödəniş texnologiyalarının tətbiqinə başlayıblar. Bu texnologiyaların tətbiqi MDB məkanında smartfonlarla başlayıb. Məsələn, Rusiyada bu ilin sonuna kimi əksər banklar bütün federal şəbəkələri kontanksız ödəniş texnologiyaları ilə təchiz edirlər. İlkin olaraq smartfonlarla ödənişin tətbiqi nəzərdə tutulur. Qərbdə smartfonlarla ödəniş çoxdan tətbiq edilir, indi isə elektron saatlarla, üzüklərlə və s.-lə ödəniş edirlər.

Smartfonla ödəniş
Amerikanın transmilli ödəniş sistemi olan "Visa"nın təmsilçilərinin fikrincə, kontaktsız ödənişlər gec-tez plastik kartları əvəz edəcək, çünki bu ödəniş növləri daha təhlükəsizdir. Məsələ, kartların qorunma sistemi ilə bağlıdır. Hazırda zəif kartların 16 işarəlik rəmzi öz nömrəsi olmayan digər 16 işarəlik rəmzlə əvəz oluna bilər. Hətta bu rəmzlər saxtalaşdırılsa belə, kontaktsız ödəniş zamanı ticarət şəbəkəsində tranzaksiyalar gerçəkləşdirilə bilməz. Çünki bu rəmzlər məhz müştərinin smartfonuna, saatına və s-ə bağlıdır. Kartda göstəricilərin dinamik dəyişməsi baş verir. Yəni hətta möhtəkirlər müştərinin göstəricilərini oğurlasa belə, onlar ödənişi gerçəkləşdirə bilmirlər. Çünki həmin göstəricilər yalnız bir neçə saniyə keçərli olacaq, sonra isə göstəricilər üzrə növbəti tranzaksiya dayandırılacaq.

Göründüyü kimi, nağdız ödənişlərin inkişafı və təhlükəsizliyi üzrə yetərincə əlverişli irəliləmədir. Böyük ehtimalla, gələcəkdə bu texnologiyalar inkişaf edəcək və nağd pullar yoxa çıxacaq. Hadisələrin bu cür inkişafı gələcəkdə masonların istəyi ilə hansısa dünya hakimiyyəti rejiminin qurulacağından ehtiyat edən insanları qorxuya salır. Onların iddiasına görə, fərdi təsərrüfatların da yox olacağı gələcəkdə rejim insanlara təsir göstərmək üçün bu hesablardan istifadə edəcək. 2014-cü ildə həlak olana qədər dünyanı idarə etdiyi deyilən Riçard Rokfellerə yaxın dairələr iddia edirdilər ki, onun qurmaq istədiyi sistemdə rejimə qarşı gedən insanların hesabları dondurulacaqmış ki, aclıqdan qırılsınlar.

“Sərhədsiz həkimlər” təşkilatına rəhbərlik edən Riçard Rokfellerin rəqib Rotşild ailəsi ilə sülh bağlaması da bu qənaətləri gücləndirirdi. İki ailə birlikdə 5,4 trilyon dollar vəsaitə nəzarət edir və dünyada gedən əksər siyasi - iqtisadi proseslərə müdaxilə imkanına malikdir. Gələcəkdə oliqarxlar tərəfindən idarə ediləcək dünya hakimiyyəti barədə proqnoz verənlər çox qorxunc məsələlər barədə anonslar verirlər - gələcəkdə kontaktsız ödəniş vasitələri daha da inkişaf edərək insanlara yerləşdirilmiş çiplərlə əvəzlənəcək, həmin çiplər vasitəsi ilə insanların hissləri də idarə ediləcək və s.

Mənbə: Azərbaycan Mərkəzi Bankı
Lakin Azərbaycanda gedən proseslər bu cür müəmmalı gələcəyin hələ çox uzaq olduğunu göstərir. Hadisələr göstərir ki, son bir ildə Azərbaycanda nağdsız ödəniş vasitələrinin sayı azalır. Məsələn, Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin dekabr ayında Azərbaycanda 80,3 min POS-terminal olubsa, 2016-cı ilin oktyabr ayında bu, 67,1 minə düşüb. Yəni 10 ayda 13 mindən çox obyekt POS-terminalları ləğv edəcək.

İqtisadçı ekspert Samir Əliyev İstiPress-ə müsahibəsində bunu böhranla əlaqələndirir: “Hələ ki, Azərbaycanda POS-terminalların və plastik kartların azalması gedir. Bu, böhranla bağlıdır. Böhrandan sonra banklar müştərilərinə plastik kart verməyi dayandırdılar, əldə olan kredit kartlarının fəaliyətini dayandırdılar. Buna görə də POS terminalların sayı azalmağa başladı”.

"Hələ ki, Azərbaycanda POS-terminalların və plastik kartların azalması gedir".

Lakin Samir Əliyev bu prosesin heç də ölkədəki vəziyyəti real əks etdirmədiyini vurğulayır: “Əslində, Azərbaycanda quraşdırılmış POS-terminallar heç də bütün ölkəni əhatə etmir. POS-terminallar əsasən Bakıda iri supermarketlərdə, yaxud rayon mərkəzlərində bəzi obyektlərdə quraşdırılıb. Əslində, POS-terminalların bütün ölkədə geniş yayılmasına çalışmaq lazımdır. Bunun üçün kontaktsız ödənişə imkan verən NFC texnologiyalarını da tətbiq etməyin vaxtı çatıb. Düzdür, bu məsələnin də çətinlikləri var - mütləq müştərinin smartfonu olmalıdır, ucuz telefonla bu, mümkün deyil. Həmçinin 40-45 yaşdan yuxarı insanlar mobil telefonlarla əməliyyatlara elə də maraqlı deyil. Amma bu da ciddi problem deyil. Əsas məqsəd nağdsız ödənişlərin artırılması olmalıdır”.

Masonlar barədə macəra ədəbiyyatı həvəskarlarının iddiaları bir yana, nağdsız ödənişlərin artırılmasının bütövlükdə ölkə iqtisadiyyatının sağlamlaşdırılmasına böyük dəstəyi var. Hər halda, kölgə iqtisadiyyatını açığa çıxarır və ticarət əməliyyatları üzərində büdcə nəzarətini gücləndirir. Bu həm də büdcəyə qeyri-neft sektorundan daxilolmaları xeyli artıra bilər.

Mənbə: istipress.com