Xəbər verdiyimiz kimi, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu gün Azərbaycan Sənaye Bankı (ASB) vətəndaşların xidmətində olacaq.
Bankdan fins.az-a verilən məlumata görə, dekabrın 31-də ASB-nin baş ofisi də daxil olmaqla 6 filialı işləyir. Həmin filiallarda digər xidmətlərlə yanaşı valyuta mübadiləsi də həyata keçiriləcək. Bankdan bildiriblər ki, kassanın qalığından asılı olaraq mübadilə mümkün olacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə bayram günlərində – 31 dekabr - 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.
Bununla əlaqədar 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.