Kommersiya banklarında saxlanılan depozitlərin həsmində xarici valyuta üstünlük təşkil edib. Fins.az bankların analitik balansına istinadən xəbər verir ki, depozitlərin həcmi ötən iki illə müqayisədə xeyli dəyişib.
2014-cü ilin oktyabr ayına nəzər yetirdikdə görürük ki, kommersiya banklarında yerləşdirilən depozitlərin böyuk bir qismi milli valyutada olub. Belə ki, 2014-cü ilin oktyabr ayında kommersiya banklarında yerləşdirilən depozitlərin 7 milyard 38 milyon manatı milli valyutada, 4 milyard 2 milyon manatı isə xarici valyutada olub. Bu isə o deməkdir ki, milli valyutada olan depozitlərin miqdarı xarici valyutada olan depozitlərin miqdarından təqribən 2 dəfə çoxdur.
Lakin 2015-ci ilin eyni ayına nəzər saldıqda görürük ki, 2014-cü ildəki situasiya tamamilə əksinə dəyişib. Belə ki, 2015-cı ilin oktyabr ayında qoyulan depozitlərin həcminin xarici valyutada olan hissəsi yerli valyutada olan hissəsindən təxminən 2 dəfə çox olub. Yəni, milli valyutadakı depozitlərin həcmi 3 milyard 924 milyon manat olduğu halda, xarici valyutada olan depozitlərin həcmi 8 milyard 5 milyon manat olub. Bu isə o deməkdir ki, depozitlərdə dollarlaşma prosesi gedib.
Qeyd edək ki, xarici valyutada qoyulan depozitlərin ən yüksək həcmi 2015-ci ilin dekabrında olub. Həmin tarixə banklarda 12 milyard 608 milyon manat məbləğində deposit yerləşdirilib. Lakin iqtisadiyyatda baş verən hadisələr nəticəsində 2015-ci ilin dekabrından sonra xarici valyutada qoyulan depozitlərin həcmi də azalmağa başlayıb.
2016-cı ilin oktyabrına baxdıqda isə görə bilərik ki, milli valyutada qoyulan depozitlərin həcmi 2015-ci ilin eyni ayındakı miqdardan çoxdur - 4 milyard 926 milyon manat. Xarici valyutada qoyulan depozitlərin həcmi isə 9 milyard 436 milyon manat olub. Burada 2016-cı ilin oktyabrında da depozit yerləşdirilməsində xarici valyutaya üstünlük verilməs aydın görünür.