Manatın ucuzlaşması nə dolların bahalaşmasından, nə də neftin qiymətindən asılı deyil. Əsas səbəb ölkədə real iqtisadiyyatın olmamasıdır. Fins.az xəbər verir ki, nəticədə tədiyyə balansında yaranan kəsir təbii ki, milli valyutanı çökdürməkdə davam edir.
İqtisadiyyata yatırımlar azalır
Milli valyutanın dəyərdən düşməsi iqtisadiyyatın mövcud durumunun təzahürdür. Hazırda hökümət onun sabitliyi üçün sütunu bərkitməkdənsə, təzahürlə mübarizəyə daha çox vaxt ayırır. Mərkəzi Bank manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün ilk növbədə iqtisadiyyata yatırımları boğmağa çalışır. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı bank sektorunun 11 aylıq icmalına əsasən, xalis kreditlər 14 milyard manat təşkil edib. Bu məbləğin də çox az bir hissəsi emal, istehsal sektorunun payına düşür. Bankların kredit portfelində ticarət və xidmət sahələrinə düşən kreditin səviyyəsi isə yüksək olaraq qalır.
Kreditlərin sahələr üzrə strukturu
Fins.az Mərkəzi Bankın yaydığı statistika əsasında iqtisadiyyata verilən kreditlərin həcmi ilə bağlı 2014, 2015, 2016-cı illərin oktyabr ayları üzrə müqayisəli təhlilini aparıb.
Qeyri-neft sektoruna qoyulan kreditlərin həcmində ticarət və xidmət sektoru üstünlük təşkil edir. Müqayisələr göstərir ki, 2005-ci ildən bu günə qədər ticarət və xidmət sektoruna verilən kreditlərin miqdarında yüksələn xətlə davam edib. Belə ki, 2005-ci ildə ticarət və turizm sektoruna qoyulan kreditin həcmi 361 milyon manat təşkil edib və bunun real sektora verilən kreditlərin ümumi həcmində xüsusi çəkisi 25.1% təşkil edib.
Lakin təhlillər göstərir ki, 2014-cü ilin oktyabr ayında verilən kreditlərin həcmi əsaslı şəkildə artıb. Bu artım təqribən 7 dəfə təşkil edir. 2014-cü ilin oktyabr ayında ticarət və xidmət sektoruna qoyulan kreditlərin məbləği 2 milyard 541 milyon manat olub ki, onun da xüsusi çəkisi 14.2% təşkil edir.
Ən böyük kredit qoyuluşu nə vaxt olub?
Bütün bu dövr ərzində isə ən çox kredit qoyuluşu 2015-ci ildə müşahidə olunub. Belə ki, 2015-ci ilin əvvəlində verilən kreditlərin həcmi pik həddə çatıb və 3 milyard 158 milyon manat təşkil edib. Digər sahələrlə müqayisədə onun xüsusi çəkisi isə 14.5% faiz təşkil edib. Lakin ilin əvvəlindən sonra kreditlərin miqdarında azalma müşahidə olunur və 2015-ci ilin oktyabr ayında bu göstərici 2 milyard 547 milyon manata düşüb.
Ancaq ilin axırında yəni, dekabr ayında ilin əvvəlindəki hadisə təkrarlanıb, kreditlərin miqdarı yenidən pik həddə çatıb. Yəni, ticarət və xidmət sektoruna qoyulan kreditin həcmi 3 milyard 158 milyon, xüsusi çəkisi isə 14.5% təşkil edib.
2016-cı ildən başlayaraq qoyulan kreditlərin həcmi azalmağa doğru gedib. Bunun da kökündə neftin qiymətinin dünya bazarında ucuzlaşması, manatın dollar qarşısında dəyərini itirməsi və s. digər iqtisadi səbəblər durur.
İlin əvvəlindən portfel azaldı
2016-cı ilin iyun ayında ticarət və xidmət sektoruna qoyulan kreditlərin həcmi 2015-ci ilin dekabr ayı ilə müqayisədə təqribən 500 milyon manat azalaraq 2 milyard 681 milyon manat olub. Lakin real sektora qoyulan ümumi kredit miqdarında xüsusi çəkisi dəyişməyib - 14.5% olaraq qalıb.
2016-cı ilin oktyabr ayında isə verilən kreditlərin həcmi azalsa da, onun xüsusi çəkisində artım müşahidə olunub. Belə ki, ticarət və xidmət sektoruna qoyulan kreditlərin məbləği 2 milyard 483 milyon manat olsa da, xüsusi çəkisi 15.7% olub 2016-cı ilin oktyabr ayını 2014 və 2015-ci illərin eyni ayı ilə müqayisə etdikdə isə ən aşağı səviyyə 2016-cı ilin oktyabr və noyabr aylarında müşahidə olunub.
Real sektor sürətlə hərəkətə keçməlidir
İqtisadçı, ekspert Elman Sadıqov fins.az-a bildirib ki, hazırda real sektorun vəzifəsi sürətlə hərəkətə keçib, emal və sənaye layihələri üzrə öz təkliflərini irəli sürməkdir. Real sektor indiki vəziyyətdə cəld inkişaf tempi götürməsə, banklar iki devalvasiyadan sonra növbəti və daha uzunmüddətli zərbəni yenə də real sektordan alacaq.
E.Sadıqov hazırki vəziyyətdə aşağıdakı addımların atılmasını vacib hesab edir: “Real sektora maliyyə mənbələrinin açılması mütləqdir, lakin bu vəsaitləri təyinatsız buraxmaq olmaz və ciddi nəzarətdə saxlamaq lazımdır. İlk növbədə, layihələrin iqtisadi əhəmiyyəti müəyyən olunmalıdır. Vəsaitlər sərt nəzarət altında mərhələli şəkildə layihələrin icrasına yönəlsə və təyinatı üzrə xərclənsə, dollara təlabatın artmasına təsir etməyəcək".
Başqa sözlə, bütün dünyada geniş tətbiq olunan “project management” metodunun tətbiqi ilə yeni iş yerlərinin açılmasına və idxalın əvəzlənməsinə yönələn investisiya lahiyələri həyata keçirilməlidir.