30 Oktyabr

Manatı saxlamağın “aylıq xərci”

Ötən ilki hərraclarda Neft Fondu ilə yanaşı, Mərkəzi Bank da iştirak edirdi. Lakin ilin sonuna doğru, daha dəqiq desək sentyabr ayından sonra hərraclarda yanız Neft Fondu iştirak edirdi. Səbəb isə Mərkəzi Bankın rezervlərinin minimuma düşməsi idi. Nəticədə isə çıxarılan dollar vəsaitinin azlığı dollar qıtlığı yaratmışdı.

Fins.az ekspert Samir Əliyevə istinadən bildirib ki, məsələn Fond ilin əvvəlində hərraca 100-150 milyon dollar çıxarırdısa, ilin sonuna doğru bu rəqəm 50 milyon dollara qədər azalmışdı. Son hərraclarda isə təxminən 35 milyon dollar çıxarılırdı. Yeni ildən Neft Fondu öhdəliklərinə əsasən, hərraca çıxardığı dollar vəsaitlərinin həcmini də artırıb. Güman olunur ki, hərraca çıxarılan vəsaitlərin bir hissəsi Neft Fonduna, bir hissəsi isə Mərkəzi Banka məxsusdur.

Ekspert bildirib ki, vəziyyət onu göstərir ki, bazarda problem tələb-təklif üzərindədir. Yəni, yaranan dollar qıtlığı səbəbindən banklar dollar satışını dayandırıblar. O, əlavə edib ki, hesablamalara görə, fors-major olmadığı halda hərraca çıxarılan vəsaitdən əlavə bir aylıq valyuta kəsiri 300-400 milyon dollar təşkil edir. Yəni, 1 ay ərzində hərraca 700-800 milyon dollar çıxarılarsa, vəziyyət stabilləşə bilər.