Nikoil Bank özünün 2016-cı ilin 4-cü rübü üzrə mənfəət və zərər hesabatını açıqlayıb. Fins.az Nikoil Bankın 4-cü rüb mənfəət və zərər hesabatının 3-cü rüb ilə müqayisəli təhlilini hazırlayıb.
Məlum olub ki, bankın qeyri-faiz gəlirləri 3-cü rübə baxdıqda təxminən 4 dəfə artaraq 3 milyon 315 min manatdan 12 milyon 437 min manata yüksəlib. Qeyri-faiz xərcləri də eyni qayda ilə təxminən 2 dəfə artaraq 5 milyon 558 min manatdan 10 milyon 119 min manata qalxıb.
Həmçinin, 3-cü rübdə bankın faiz və gəlirlərinin bu qəbildən olan növlərindən əldə etdiyi mənfəətin miqdarı 22 milyon 617 min manat olub. Lakin 4-cü kvartalda bu göstərici azalaraq 18 milyon 314 min manat olub. Eyni qayda ilə faizlər və onlarla bağlı xərclərdə də azalma nəzərə çarpır və ilin yekunu üzrə 5 milyon 647 min manat təşkil edir.
Hər iki kvartalda hesabatdan da göründüyü kimi mənfəətdən vergilər ödənilməyib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaların həcmləri arasında çox böyük fərq qeydə alınır. Belə ki , 2016-cı ilin 3-cü rübündə bu, 14 milyon 823 min manat olduğu halda, 4-cü rübdə 12 dəfə artaraq 167 milyon 160 min manat olub.
Vergilər ödənildikdən sonrakı xalis zərərin miqdarı isə 152 milyon 175 min manat olub.