“Manatın gerçək məzənnəsi müəyyənləşməyincə, nə investor, nə bank iqtisadiyyata sərmayə qoymayacaq. Bu gün Azərbaycanda ən vacib məsələlərdən biri həmin sərmayəni ölkəyə gətirməkdir. İnsanların bəzilərinin kifayət qədər ehtiyat kapitalları var. Niyə aparıb onu xaricdə yerləşdirirlər? İndi elə iqtisadi siyasət olmalıdır ki, o pullar burda iqtisadiyyata yatırılsın”.
Fins.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu manatın məzənnəsi ilə bağlı danışarkən bildirib. Əlavə edib ki, bu il manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək.
“Dolların orta illik kursu 2 manat 20 qəpik olacaq. Bəzi vaxtlarda bu, 2 manat 50 qəpiyə qalxa bilər. Ən pis halda isə hətta 2 manat 80 qəpiyə qalxa bilər. Manatın məzənnəsini bazar qüvvələri müəyyənləşdirməlidirlər”.
İqtisadçı manatın real məzənnəsinin tənzimlənməsiməsələsinədə toxunub:
“İndiki halda xarici valyutanın məzənnəsinin təyin olunması ilə bağlı tətbiq edilən marjanın götürülməsi doğru addımdır. Bununla banklar arasında rəqabət yaranar, “qara bazar”la bank arasında sərhəd itər. Sərbəst bazar qüvvələrinin təsiri ilə hansı gerçək məzənnədə manatda müvazinat yaranacaqsa, həmin kursun ətrafında da manatın tənzimlənməsi prosesi gedəcək, manat öz bazar dəyərini qazanacaq. Bunun başqa variantı yoxdur”.
“Qara bazar”ların taleyi necə olacaq?
Q.İbadoğlu “qara bazar”ın fəaliyyətinə də toxunub:
“Amma “qara bazar”lardan qorxmaq lazım deyil. Bu, real bazardır. Oradakı məzənnə daha düzgün məzənnədir. Bu gün guya Azərbaycan reallığında birinci dəfədir ki, “qara bazar”larla rastlaşırıq? Amma Azərbaycanda elə siyasət yeridilməlidir ki, “qara bazar”la bank arasında sərhəd itsin. Fərqin olmaması “qara bazar”ın itməsinə və ya funksuyasının dəyişməsinə gətirib çıxara bilər”.
Yeni inflyasiya dalğası
İqtisadçının fikrincə, Mərkəzi Bankın manatın məzənnəsini tənzimlənmək cəhdləri doğru addım deyil:
“İndi Mərkəzi Bankın əsas hədəfi ondan ibarətdir ki, “qara bazar”lar yığışdırılsın. Ancaq bu düzgün siyasət deyil. Mərkəzi Bankın əsas hədəfi inflyasiyanı tənzimləmək olmalıdır. Bu il üçün ən böyük problemimiz inflyasiyadır, qiymətlərin artmasıdır. Bütün monopol şirkətlər qiymətləri qaldırır. Bu günlərdə Azərsun” bütün ərzaq məhsullarının – çayın, yağın,qəndin, un və un məmulatlarının qiymətlərini 10%-dən 30%-dək qaldırıb. İnsanlar bunu bir azdan hiss edəcəklər. Kommunal xidmətlərin qiymətləri bahalaşır. Ölkədə yeni inflyasiya dalğası yaranır. Mərkəzi Bank bunlarla məşğul olmalıdır”.