2016-cı il üzrə xarici ticarət statistikasına əsasən, idxalda təxminən 700 mln. dollar və ya 7.6% azalma qeydə alınıb. Fins.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev fikirlərini bölüşüb.
Bildirib ki, idxaldakı azalma, əsasən, dövlət sektoru ilə bağlı olub - bu sektor üzrə idxalın həcmi 300 mln. dollar ixtisara düşüb.
İdxalla bağlı diqqətçəkən başqa bir məqam minik avtomobilləri ilə bağlıdır. Ötən il maşınların idxalı 4.5 dəfəyədək azalaraq təxminən 23.8 min ədəddən 5 min ədədə enib.
Statistikaya əsasən, ixrac mallarında daha çox azalma müşahidə olunub - təxminən 2.3 mlrd. dollar (20%).
"İlin yekununa görə, xarici ticarət balansında 610 mln. USD profisit yaranıb. Bu 2007-ci ildən sonra ən aşağı göstəricidi. 2008-2014-cü illərdə xarici ticarət balansının profisiti əksər illərdə 10 mlrd. dolların üzərində olub. Yalnız 2015-ci ildə nefti qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2.2 mlrd. USD-yə enmişdi" -deyə R.Ağayev vurğulayb.
Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb. Ötən il bu sahədə ixrac 1.258 mlrd. dollar təşkil edib. Bu da ümumi ixracın 13.7%-ni təşkil edir.
Bu statistikanı analiz edən R.Ağayev bidlirib ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür. Uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı".
Ekspertin sözlərinə görə, indiki vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Bu defisit mövcud olduqca valyuta bazarında sabitlik gözlənilmir.