30 Oktyabr

İpoteka kreditləri daha çox kimin işinə yaradı? – STATİSTİKA

2016-cı ildə güzəştli ipoteka kreditlərinin sayı və yenidən maliyyələşdirilən kreditlərin məbləği artıb. İpoteka Fondundan fins.az-a verilən məlumata əsasən, ötən il həmin layihələrə 704 milyon manat məbləğində kredit verilib.

Ötən il yenidən maliyyələşmə üçün ayrılan kreditlərin 196 milyon manatı güzəştli kreditlərin, 508 milyon manatı isə adi kreditlərin payına düşüb

Qeyd edək ki, 2015-ci ildə isə yenidən maliyyələşdirilən kreditlərin ümumi məbləği 671 milyon manat olub. Onun 182 milyon manat güzəşyli, 489 milyon manatı isə adi kreditlərin maliyyələşməsinə yönəlib.

Yeri gəlmişkən, ötən il ümumilikdə 18 162 kredit verilib. 2015-ci ildə kreditlərin sayı 17 975, 2014-cü ildə isə 15 842 olub.

2016-cı ildə Fondun vəsaitləri hesabına maliyyələşən güzəştli kreditlərin də sayı artıb. Ötən il 4 983 güzəştli kredit verilib. 2015-ci ildə bu rəqəm 4 685, 2014-cü ildə isə 3 521 olub.

Kreditləri ən çox alan şəhərlər

İpoteka kreditlərinin böyük hissəsi Bakının payına düşür. İpoteka Fondu ötən il paytaxtda 13 237 kredit verib. Siyahıda ikinci yerdə Sumqayıt 1 825, üçüncü isə Abşeron (Xırdalan) rayonudur -1 084.

Gəncədə 751 kredit, Mingəçevirdə 75, Qubada 15, Şəkidə 9 ipoteka krediti verilib. Şərur, Salyan, Ağcabədi, Ucar, Sabiradab, Balakən, Oğuz, Xanlar rayonlarında isə cəmi 1 kredit verilib.

Güzəştli ipotekadan ən çox kimə pay düşdü?

Borcalanların 48,6 faizi dövlət, 51,4 faizi isə özəl sektorun payına düşür. Onların 68,2 faizi evli vətəndaşlardır.

Güzəştli ipoteka kreditlərindən daha çox hərbçilər yararlanıb- 78,4%. Siyahıda ikinci yerdə 9,4 %-lə dövlət qulluqçuları, üçüncü isə 8,2%-lə məcburi köçkünlərdir.

İpoteka krediti alanların çoxu hərbçilərdir. Belə ki, 2016-cı ilin yekun hesabatına görə, kredit alanların 22,3%-i hərbçilərdir. Onların 21,8% bank və sığorta sahəsində işləyənlər, 12,6%-i energetiklər, 9%-i hüquq mühafizə orqanları əməkdaşları, 4,6%-i dövlət qurumlarının, 3,5%-i rabitə, 2,5%-i təhsil, 1,7%-i isə səhiyyə işçiləridir.

Alınan kreditlərin 49,8%-nin məbləği 30 000-60 000 manat arasında dəyişir. 60 000-90 000 manatlıq kreditlər 40,5%, 90 000-12 000 manatlır kreditlər 5,3% 120 000 manatdan artıq olanlar isə 2,3% təşkil edib.