30 Oktyabr

Mərkəzi Bank “kassanı” niyə dəqiq yoxlayır? – SƏBƏBLƏR

Xəbər verdiyimiz kimi Mərkəzi Bank dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb. Fins.az xəbər verir ki, Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Mərkəzi Bank gələn həftəninin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə yanaşı, nominallarının hesabatını da banklardan istəyib.

Kassa qalıq məbləği ilə məlumatlar çevik qərarların verilməsinə hesablanıb

Məsələ ilə bağlı iqtisadçı ekspert Cəfər İbrahimli fins.az-a bildirib ki, banklar bundan əvvəl də günün sonunda Mərkəzi Banka hesabat verirdilər. Həmin hesabatda da bankların balans vəziyyəti görünürdü: “Ola bilsin ki, müəyyən banklarda elə sifarişlər var ki, balansda bu görünmür. Məsələn, bu hansısa bankın qısa zamanda icra etməli olduğu öhdəlik ola bilər. Amma həmin məbləği bank əldə edə bilmədiyi üçün sıxıntı yarada bilər”. Ekspert hesab edir ki, Mərkəzi Bank bunu nəzərə alaraq banklara məktub ünvanlayıb və onlardan günün sonunda qalıq məbləğlə bağlı hesabat tələb edir. Mərkəzi Bank əlavə informasiya almaqla balansda görünməyən, amma bankların növbəti gün üçün vəziyyəti ilə bağlı məlumatları operativ əldə etmək istəyir. Bu da pul bazarının idarə edilməsində ehtiyac duyulan informasiyanı daha tez əldə etmək, çevik qərarların verilməsinə hesablanıb. Ekspert deyib ki, bu addım ümumilikdə köklü pul siyasəti ilə bağlı qərarlara təsir etməyəcək.

Məqsəd infilyasiya hədəfinə nail olmaq və pul kütləsinin tənzimlənməsidir

İqtisadi ekspert Elman Sadıqov fins.az-a bildirib ki, Mərkəzi Bankın əsas vəzifəsi nəzərdə tutulan infilyasiya hədəfinə nail olmaq və ölkədəki pul kütləsinin tənzimlənməsindən ibarətdir. Banklardan kassa qalıq məbləğilə bağlı hesabatın təqdim edilməsi də bu iki məqsədə xidmət edir. Birincisi infilyasiyanın tənzimlənməsi məqsədi ilə banklarda olan vəsaitlərin hər gün planlaşdırılması məqsədi daşıyır. Mərkəzi Bankında əsas vəzifələrindən biri monetar siyasət olduğu üçün bunun banklardan tələb edilməsi normal haldır.

Hərracdan əvvəl kassa qalıqlarının analizinə ehtiyac var

Mərkəzi Bank manatın tam üzən məzənnəyə keçməsini reallaşdırmaq istəyir. Digər tərəfdən manatı da taleyin ümidinə buraxmaq arzuolunmaz nəticələrə səbəb ola bilər. Hazırda manata dövlətin dəstək verməsi inkarolunmaz faktdır. Belə ki, ölkə başçısının sərəncamı ilə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard dollar vəsait transfer edilib. Bunun əsas məqsədi manatın dəstəklənməsidir: “Yəni, bu dəstək olmasa, manat tam üzən məzənnəyə keçməklə daha pis vəziyyətlə üzləşə bilər”. İkinci və əsas məsələlərdən biri də valyuta hərraclarının keçirilməsi ilə bağlıdır. Belə ki, valyuta hərracı keçirilməzdən əvvəl Mərkəzi Bank həm də banklardakı kassa qalıqlarını analiz edir. Təklifləri də dəyərləndirərək Mərkəzi Bank müəyyən edir ki, bankların dollara tələbi nə qədər ola bilər. E.Sadıqov hesab edir ki, banklarda kassa qalığının yoxlanmaması indiki şəraitdə düzgün olmazdı. Onun sözlərinə görə, burada hər hansı limitləşdirici və ya məhdudlaşdırıcı hal yoxdur.

Xarici ölkələrdə banklar bu məlumatları onlayn rejimdə ötürür

2008-ci ildə maliyyə böhranı zamanı da Mərkəzi Bank ölkədə infilyasiyanın və monetar siyasətin nəzarətdən çıxmaması üçün dövriyyədəki pul kütləsini nəzarətdə saxlayıb. Ekspert əlavə edib ki, texnoloji imkanları geniş olan ölkələrdə banklar onlayn rejimdə məlumatları Mərkəzi Banka ötürürlər. Azərbaycanda hələlik bu mümkün olmadığı üçün banklara məktub yazılır və bu da ajiotaj tipli reaksiyalara səbəb olur.