Mərkəzi Bank yanvarın 26-da Bakı Fond Birjasında 25 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək. Fins.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Bir notun nominal dəyəri 100 manat, tədavül müddəti isə 28 gündür. Notların ödəmə tarixi fevralın 23-ü müəyyən edilib.
Mərkəzi Bank qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər. Hər bir bank 3-dən artıq sifariş verə bilməz.
Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.