“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının 600 milyon manat məbləğində artırılması məqsədilə Bankın səhmlərinin emissiyası prosesi başa çatıb. Nəticələr haqqında hesabat 23 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb.
Fins.az xəbər verir ki, emissiya, hər birinin nominal dəyəri 27 qəpik olan 2222222223 ədəd adi, sənədsiz adlı səhmlə həyata keçirilib. Beləliklə, Bankın səhmlərinin ümumi sayı 4 597360 178-ə çatıb.
Nizamnamə kapitalının 1.241,287,248.06 manata qədər artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri çərçivəsində yerinə yetirilir. Bankın kapitalının gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi bu qərar aktivlərin artımı ilə kapitalın adekvatlığı arasında nisbəti təmin etmiş olacaq.
"Report"un məlumatına görə, nəticədə Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payı 28,18%-dən 14,56%-ə, 12 qeyri-dövlət müəssisəsinin və 1 761 fiziki şəxsin toplam payı isə 16,86%-dən 8,71%-ə düşüb. “Aqrarkredit”in səhmlərinin 100%-i Azərbaycan hökumətinə məxsus olduğunu nəzərə alsaq, Beynəlxalq Bankda dövlətin payının 91,29%-ə çatdığını demək olar.