30 Oktyabr

"Bank Melli İran"dan zərər – AÇIQLAMASI

"Bank Melli İran" Bakı filialı 2016-cı ili 29 milyon 270 min 760 manat zərər ilə başa vurmasının səbəbinə aydınlıq gətirib.

Bankın Kredit departamentinin müdiri Tural Məmmədov bildirdi ki, "Bank Melli İran" Bakı filialı gəlirinin böyük hissəsini depozit itkiləri üzrə ehtiyatlara ayırdığına görə zərərə düşüb:

"Bank Melli İran" Bakı filialının bağlanan banklarda depoziti qalıb. Həmin vəsaitin itməsi riski olduğuna görə, normativlərə əsasən ehtiyatların yaradılmasına 30 milyon 896 min manat ayırmışıq. Bu səbəbdən Bank ili zərər ilə başa vurdu. Bağlanmış banklarda qalan pulumuz təxminən ehtiyatlara ayırma qədərdir”.

Eləcə də bax: Bu bank ciddi zərərlə üzləşib

Tural Məmmədov qeyd etdi ki, "Bank Melli İran" Bakı filialı indiyədək kreditləri Manat ilə verdiyindən ödəmə vaxtı keçmiş kreditlərin çoxluğundan əziyyət çəkmir:

“Bizim bankda ödəmə vaxtı keçmiş kreditlər kredit portfelinin 3%-ə çatmır”.

Bankın Kredit departamentinin müdiri əlavə etdi ki, ötən ilin sonunda yaranmış zərərə görə Bankın kapitalı minimum tələbdən aşağı düşmüşdü. Lakin bu ilin ilk günündə kapital çatışmazlığı aradan qaldırılıb:

“2017-ci ilin ilk iş gününüdə İrana Baş idarəyə müraciət etdik. Baş idarə tərəfindən Bakı filialına ayrılan vəsait hesabına məcmu kapitalı 50 milyon manatdan yuxarıya qaldırdıq. Hazırda kapitalımız 50 milyon manatdan çoxdur ki, bu da minimal tələbə uyğundur”.

Mənbə: Marja