Hal-hazırda Azərbaycan bankları arasında korporativ müştəri uğrunda güclü rəqabət gedir. Banklar bu kateqoriyadan olan müştəriləri cəlb etmək üçün daha geniş xidmət növləri göstərməyə çalışır.
Fins.az hüquqi şəxs tərəfindən banklarda cari hesab açmaq üçün lazım olan xərcləri və bu xərclər daxilində bankların təklif etdiyi xidmətləri araşdırıb.
Qeyd edək ki, hüquqi şəxslər üçün cari hesab maliyyə xidmətlərini daha rahat şəkildə həyata keçirmək imkanı yaradır. Cari hesabları depozit hesablarından fərqləndirən cəhət ondadır ki, bu hesablar müddətsizdir və orada yerləşdirilən məbləğin üzərinə faiz hesablanmır.
Bank hesabını istənilən bankda açmaq olar. Hətta eyni vaxtda bir neçə bankda da hesab açmaq mümkündür. Siz hesabınızı seçdiyiniz bankdan asılı olaraq istənilən valyutada aça bilərsiniz.
Azərbaycanda hesabların açılması üzrə komissyonlar bankdan banka fərqlənir, belə ki, bəzi banklar bu xidməti pulsuz göstərdikləri halda, digərlərində pullu xidmət növü hesab edilir.