30 phrase_var_core.october

Banklar dollardan nə qədər qazanıb? – RƏQƏM

Ötən il Azərbaycanda banklar vasitəsilə əhaliyə 7,1 milyard dollar satılıb. Fins.az xəbər verir ki, əgər 4%-lik marjanı nəzərə alsaq, Azərbaycanda bank sektoru dollar satışından 180 milyon qazanıb. Hazırda alış-və satış arasındakı fərqin 8-10% olduğunu nəzərə alsaq, bu tendensiya ilə bankların əsas gəlir mənbəyi valyuta konvertasiyası olaraq qalacaq və bank sektorunun bu sahədə əldə etdiyi gəlirin daha yüksək olması gözlənilir.

Xatırladaq ki, 4%-lik marja Mərkəzi Bank(AMB) tərəfindən devalvasiyadan sonra tətbiq edilməyə başladı və 2016-cı ilin dekabr ayında ləğv edildi. Marjanın tətbiq edilməsi ilə AMB-nin üzən məzənnəyə keçid bəyanatı bir-birinə zidd idi. Çünki üzən məzənnə hər hansı inzibati amillərin və məhdudiyyət tətbiqini nəzərdə tutan marjanın tam əksinə olan bir siyasətdir. Bank üzrə ekspert Elman Sadıqov fins.az-a bildirib ki, həmin dövrdə devalvasiyadan dərhal sonra AMB tam üzən məzənnəyə keçə bilməzdi. Çünki manata olan təzyiq həddindən artıq yüksəlmişdi. Üstəlik, dövriyyədəki manat kütləsinin çox olması buna imkan vermirdi. Marja tətbiq edilmədiyi halda banklar dolları istədiyi məzənnə ilə sata bilərdi. Bu isə ümumilikdə iqtisadiyyata ciddi zərbə vura bilər və maliyyə böhranını daha da dərinləşdirərdi. Həmçinin, AMB-nin əriməkdə olan resursları daha tez tükənə bilərdi.

Təkcə yanvar ayı ərzində Azərbaycanda pul bazası 7,860.5 milyon manatdan 7,3331.7 milyon manata düşüb. Mərkəzi Bankın bundan sonra da dövriyyədə olan pul kütləsini azaltmaq üçün sterilizasiya tədbirlərini davam etdirməsi ehtimalı yüksəkdir və bu tədbirlər hazırda davam etdirilir. Nəticədə, dollar almaq üçün sərbəst manat resursları dövriyyədə azalır. Bundan əlavə, son iki ayda AMB bazara dollar çıxarmır. İqtisadi aktivliyin zəifləməsi və bu dövrdə idxalın azalması da dollara olan tələbatı aşağı salıb. Bu səbəbdən də hazırda yalnız Neft Fondunun 25-35 milyon dollar arasında vəsaiti valyuta hərracına çıxarması belə dollara tələbatı ödəyə bilir.

Eyni zamanda etiraf etmək lazımdır ki, AMB hələ də tam üzən məzənnəyə keçməyib. Neft Fondunun AMB-yə 4,2 milyard dollar transfer etməsi AMB-nin manevr imkanlarını yüksəldib. Ona görə də qarşıdakı 6 ayda AMB manatın məzənnəsinə müsbət təsir etmək rıçaqlarına malikdir. Ancaq mart ayından biznesdə aktivliyin artması, idxalın yüksəlməsi və TANAP layihəsi üzrə işlərə start verilməsi dollara olan tələbatı yenidən artıracaq. Bu zaman dolların bahalaşması ehtimalı da böyükdür. Bu qeyri-sabitlik isə alış-satış arasında fərqin böyüməsinə və tendensiyanın bir müddət davam etməsinə təsir göstərəcək.

“Bankların dollar satışından qazanmasına gəlincə isə, əslində 7,1 milyard dollar satışından 180 milyon dollar qazanc əldə edilməsi barədə səslənən fikir və hesablamalar subyektiv də ola bilər. Çünki, banklar dolların bir hissəsini öz hüquqi şəxs müştərilərinə daha güzəştli kurslarla satırlar. Üstəlik, keçən il ərzində hərracdan aldığı vəsaitlərdən əlavə əhalidən hərracdakı kursdan daha yüksək kursla dollar cəlb edərək satıblar. Qısaca desək, banklar heç də həmişə dolları maksimum 4% marja ilə satmadığndan göstərilən qazanc da reallığı əks etdirməyə bilər”.