Xakerlər tərəfindən banklara müdaxilə edilməsinə qarşı artıq müdafiə tədbirləri ciddi şəkildə gündəmi zəbt edib. Fins.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı da bununla bağlı tədbirlərə başlayıb.
Belə ki, ölkə banklarının müdafiə imkanlarının kütləvi şəkildə yoxlanılmasına start verilib. Baş banker belə bir tələb də irəli sürüb ki, xakerlərə qarşı qorunma sistemi həssas olan təşkilatlar ya kapitalını artırmaq məcburiyətində qalacaq, ya da bu risklərin rezervləşməsi üzrə xərcə düşəcək.
2017-ci ildə “Bank Rossii” 100-dən artıq maliyyə təşkilatını yoxlayacağı bəyan edib. Mərkəzi Bankın Təhlükəsizlik və İnformasiya Müdafiəsi Departamentinin müavini Anton Siçyovun sözlərinə görə, bu yolla tənzimləyici bankların mobil və onlayn-bankinq sistemlərinin müdafiəsi və bank müştərilərinin ödəmə əməliyyatlarının təhlükəsizliyi üzrə real vəziyyətini araşdırmaq istəyir.
“Yoxlamaların nəticələri qənaətbəxş olmayan banklara qarşı “Bank Rossii” sanksiyalar tətbiq edəcək”- deyən, Anton Siçyov hazırda Mərkəzi Bankın iki variant arasında seçim etdiyini bildirib: “Banklar ya kapitalı artırmalı, ya da mövcud əməliyyat riskləri üzrə rezervləri daha da yüksəltməlidirlər. İndi özünüz baxın banklara hansı daha sərfəlidir: pulları dondurmaq, ya da ağlabatan məbləği müştərilərin pullarının müdafiəsi üçün xərcləmək?!”