30 Oktyabr

Depozitlər necə əridi? – TƏHLİL

Fiziki şəxslərin əmanətlərinin həcmi ötən bir il ərzində 2 milyard 25 milyon manat həcmində azalıb. Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu bir il ərzində depozitlərin 21.4% əriməsi deməkdir.

Qeyd edək ki, 2015-ci ilin yekununda fiziki şəxslərin cəmi əmanətlərinin həcmi 9 milyard 474 milyon manat olub, lakin 2016-cı ilin yekununda bu məbləğ 7 milyard 449 milyon manata qədər düşüb.

Əmanətlərin strukturu isə dollarlaşmanın pik həddə olduğunu göstərir. Belə ki,

fiziki şəxslərin əmanətlərinin 20.4%-i yəni cəmi 1 milyard 517 milyon manat dəyərində olan hissəsi milli valyutada yerləşir. 79.6%-i və ya 5 milyard 931 milyon manatı isə xarici valyutada qorunur. Ötən ilin yekununa nəzərən manatla qorunan əmanətlərin həcmi 1 milyard 420 milyon manat, xarici valyutada qorunan əmanətlərin həcmi 8 milyard 54 milyon manat olub. Təhlildən də göründüyü kimi, manatda yerləşdirilən əmanətlər az da olsa artıb, xarici valyutada olan əmanətlər isə xeyli azalıb.

Bundan əlavə, fiziki şəxsləri təşkil edən rezidentlərin - ölkə vətəndaşları və qeyri-rezidentlərin- ölkədə yaşayan digər ölkələrin vətəndaşları əmanətləri bir-birindən kəskin fərqlənir. Belə ki, rezidentlərin əmanətlərinin həcmi 2016-cı ilin yekununda 6 milyard 482 milyon manat olub və ötən ilin yekunu ilə müqayisədə 21.3% və ya 1 milyard 759 milyon manat azlıb.

Qeyri-rezidentlərin əmanətlərinin həcmi isə rezidentlərin əmanətlərinin həcmindən 6.7 dəfə az olaraq 967 milyon manat təşkil edib .2015-ci ilin yekununda isə bu məbləğ 1 milyard 233 milyon manat olub.

Rezidentlərin əmanətlərinin 1 milyard 484 milyon manatı və ya 22.9%-i yerli valyutada, 4 milyard 998 milyon manatı və ya 77.1%-i xarici valyuta qorunur.

Qeyri-rezidentlərin əmanətlərinin isə 33 milyon manatı yerli vayutada, 933 milyon manatı isə xarici valyutada yerləşdirilib.